ALİYƏ QARAYEVA FRANSADA BÜRÜNC MEDAL QAZANMIŞDIR
Azərbaycan gimnastı Aliyə Qarayeva Fransanın Korbey-Esson şəhərində keçirilən Dünya kuboku yarısında bürünc medal qazanmışdır. Azərbycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Aliyə finalda halqa ilə hərəkətlərdə 17 bal toplamış və rusiyalı Yevgeniya Kanayeva və ukraynalı Nataliya Qodunkodan sonra üçüncü yeri tutmuşdur. A.Qarayeva demişdir: “Bu, Dünya kubokunda mənim ilk medalımdır və ümid edirəm ki, sonuncu olmayacaqdır. Lakin mən bürünc mükafatla kifayətlənməyəcəyəm, çünki daha qiymətli medallar da var”.
Qarayeva finalda iplə, digər Azərbaycan gimnastı Anna Qurbanova isə lentlə hərəkətlərdə yeddinci yeri tutmuşdur. A.Qarayeva çoxnövçülükdə doqquzuncu, A.Qurbanova isə 12-ci olmuşdur.
Dünya kubokunda ilk dəfə çıxış edən 16 yaşlı Bakı gimnastı Zeynəb Cavadlı 81 iştirakçı arasında 41-ci yerə çıxmışdır. Bir çox mütəxəssislərin fikrincə, Zeynəb yaxşı imkanları olan perspektivli gimnastdır. O, gənclər kateqoriyasına hələ bu ildən keçmişdir və güclülər arasında özünü sınayır.
Beynəlxalq Gimnastika Federasiyası dünyanın 30 ən yaxşı gimnastının və 25 qrupunun reytinq vərəqini təzələmişdir. A.Qurbanova irəliləyərək, halqa ilə hərəkətlərdə 6 xalla 10-cu yeri tutur.
Qarayeva halqa ilə hərəkətlərdə 11-ci mövqeyi gimnastikaya yenidən qayıtmış 27 yaşlı ispan Almudena Sid ilə bölüşür. Burqasda keçirilən Qran-pri yarışlarında lentlə hərəkətlərdə bürünc medal qazanmış Dinara Gimatova bu növdə 31,85 xalla 13-cü yerdədir.
Reytinqdə dörd növün 3-də (ip, gürz və lent) Bessonova liderdir, rusiyalı Olqa Kapranova halqa ilə hərəkətlərdə ən yaxşı sayılmışdır.
Polşada keçirilən sonuncu turnirdə gümüş və bürünc medallar qazanmış Azərbaycanın yaşlılardan ibarət qrup komandası iki pillə yuxarı qalxmışdır. Hazırda kollektiv halqa və gürzlə hərəkətlərdə 15,17 xalla 13-cü yeri tutur, iplə hərəkətlərdə isə 34,3 xalla İsrail komandası ilə 9-cu yeri bölüşür.
Reytinqdə hər iki növdə birinci yeri Rusiyanın qrup komandası tutur.
İyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək Avropa çempionatı ərəfəsində növbəti turnir Minskdə Qran-pri mərhələsi olacaqdır. Mayın 19-20-də Belarusda Qarayeva və Gimatova da çıxış edəcəklər.