ALİYƏ QARAYEVANIN QIZIL MEDALI
Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmvətənimiz qızıl medalı 65,6 balla çoxnövçülük yarışlarının finalında qazanmışdır. O,rusiyalı Marina Şpexti və finlandiyalı Mariya Ringineni arxada qoymuşdur.
Aliyə Qarayeva yarışlar boyu lent və iplə hərəkətlərdə ən yüksək qiymətlər almış və sürəkli alqışlarla qarşılanmışdır. Hakimlər onun top və gürzlə kompozisiyalarını da yüksək qiymətləndirmişlər.
Gimnast demişdir: “Mən məşqçimin bütün tapşırıqlarını yerinə yetirdiyim üçün qalib gəlmişəm. Ümidvaram ki, bugünkü qələbəm oktyabrın 19-22-də Berlində keçiriləcək Qran-pri yarışlarının finalı ərəfəsində məndə daha böyük əminlik yaradacaqdır”.
Mətbuat xidmətindən həmçinin bildirmişlər ki, Azərbaycan gimnastı Teymur Şahlamazov oktyabrın 13-də Danimarkanın Orxus şəhərində başlanacaq idman gimnastikası üzrə XXXIX dünya çempionatında iştirak edəcəkdir. Püşkatmaya görə, o, Xorvatiya gimnastları ilə birlikdə ikinci qarışıq qrupda çoxnövçülük təsnifatı yarışlarında mübarizə aparacaqdır.
Mütləq və komanda hesablarında, habelə ayrı-ayrı alətlərdə dünya çempionu adı uğrunda 70 ölkənin ən yaxşı gimnastları yarışacaqlar. Çempionatda qalib adına əsas namizədlər Rusiya, Yaponiya, Çin, ABŞ, Belarus və Rumıniya idmançıları sayılır.
T.Şahlamazov və milli yığmamızın daha bir üzvü Şakir Şıxəliyev dünya birinciliyi yarışları ərəfəsində İstanbulda keçirilən “Bosfor Kuboku” beynəlxalq turnirində iştirak etmiş, təsnifat maneəsini aşaraq, təkanla tullanma yarışlarında finala çıxmış, müvafiq olaraq 9-cu və 10-cu yerləri bölüşmüşlər.