ALKAPON VƏ LİFT ZAVODLARI İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 26-da Saatlı rayonuna səfərini başa çatdırdıqdan sonra Sabirabada gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə “Qafqaz AKP” Məhdud Məsuliyyətli Cəmiyyətinin Alkapon müəssisəsində oldu.
Rayonun Qalaqayın kəndində sahibkar tərəfindən tikilmiş zavodda müxtəlif növ alüminium kompozit paneli istehsal edilir. Avadanlıq Çindən gətirilmişdir. Tikintisinə 4,6 milyon manat vəsait sərf olunmuş zavodda indi 52 nəfər işləyir. Müəssisə tam gücü ilə işlədikdə burada 120 nəfər çalışacaqdır.
Dövlətimizin başçısı ayrı-ayrı sexlərdə istehsal prosesini izlədi, hazır məhsul nümunələrinə baxdı.
Prezident İlham Əliyev Qalaqayın kəndində tikilmiş daha bir müəssisə - “Qafqaz MTZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin lift zavodu ilə də tanış oldu.
Bu zavodda yükqaldırma gücü 400 kiloqramdan 5 tonadək olan sərnişin və yük liftləri (ildə 5 min ədəd) istehsal olunacaqdır. Hazırda müəssisədə 165 nəfər işləyir. Gələcəkdə işçilərin sayı 3200 nəfərə çatacaqdır. Müəssisənin tikintisinə 9 milyon manat sərmayə qoyulmuşdur.
Dövlətimizin başçısı liftin ayrı-ayrı hissələrinin yığıldığı sexləri gəzdi, müxtəlif sərnişin və yük liftlərinin nümunələri ilə tanış oldu.
Ölkəmizdə hazırda liftə böyük tələbat olduğundan, gələcəkdə zavodun istehsal gücü daha da artırılacaqdır. Burada istehsal edilən liftlər köhnə, yeni tikilən yaşayış evlərində və qeyri-yaşayış binalarında və başqa yerlərdə quraşdırılacaqdır.
######
![]() |
![]() |

