Almaniya Avropa İttifaqının büdcəsinin 450 milyard dollar azaldılmasını tələb edir
Bakı, 30 iyun, AZƏRTAC
Almaniya hökuməti Avropa Komissiyasının 2028–2034-cü illər üçün təklif etdiyi 2 trilyon avro həcmində büdcəsini azaldılmasını tələb edərək, hazırkı planların “yerinə yetirilməsi mümkün olmayan yük” olduğu barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Çoxillik Maliyyə Planı adlanan büdcəsi bütün 27 üzv dövlətin yekdil razılığını tələb etdiyindən, Almaniyanın sərt etirazı qarşıdakı danışıqların çətin keçəcəyindən xəbər verir. “Reuters” agentliyinin yazdığına görə, Berlin bəyan edir ki, hazırkı formada razılığın əldə olunması mümkün deyil.
Avropa İttifaqının ən böyük xalis donor ölkəsi olan Almaniya növbəti yeddi il üçün təklif edilən büdcənin həcmi ilə bağlı narahatlığını ifadə edir. Bu büdcə 2021–2027-ci illər üçün nəzərdə tutulmuş 1,3 trilyon avroluq büdcəni əhəmiyyətli dərəcədə üstələyir.
Berlin bildirir ki, büdcə 400 milyard avro azaldılsa belə, onun həcmi yenə də hazırkı büdcədən 27 faiz çox olacaq. Bu isə Almaniyanın illik töhfəsinin 50 milyard avronu ötməsi ilə nəticələnəcək.
Kansler Fridrix Merts büdcənin 2028-ci ilin yanvarında qüvvəyə minməsinədək planlaşdırmada müəyyənliyin təmin olunması məqsədilə üzv dövlətləri bu il ərzində razılıq əldə etməyə çağırıb. O, xüsusilə də 2027-ci ildə Fransa, Polşa və İtaliyada keçiriləcək mühüm seçkilər ərəfəsində belə bir razılaşmanın vacibliyini vurğulayıb.