DÜNYA
Almaniya hökuməti "istilik" siyasətində uğursuzluqlara görə tənqid edilir
Berlin, 19 may, AZƏRTAC
Almaniya siyasi dairələrində hökumətin ünvanına tənqidlər getdikcə güclənir. Buna səbəb federal nazirlər kabinetinin özəl mazut isidicisi sahiblərinə təqdim etdiyi və müxalifətin “saxta” adlandırdığı köməyidir.
AZƏRTAC xəbər verir ki, alman mətbuatının monitorinqinin nəticələrinə görə, tənqidi məqalələrin və iddiaların müəllifləri sakinlərin 99 faizinin ərizə ilə müraciətlərini əbəs yerə sərf olunan vaxt kimi qiymətləndiriblər.
Ölkədə yalnız mayın 8-dən mümkün olan müraciətlərin təqdim olunması prosesi göstərib ki, onların bir faizdən az miqdarının təsdiqlənmək şansı var. Tənqidçilər hesab edirlər ki, iddiaçıların əksəriyyəti əliboş qayıdacaq, bu da siyasətçilərə etimadın kütləvi şəkildə itirilməsi deməkdir.
Hökumətdən enerji əlavəsinin tətbiq edilməsi tələb olunur, çünki ölkədə, xüsusilə də kənd rayonlarında istiliyin çox hissəsi mazut hesabına həyata keçirilir. Çox böyük sosial disbalans yaranıb. Müxalifət ümid edir ki, hökumət nöqsanları araşdıracaq və onları aradan qaldıracaq.
Ölkənin İqtisadiyyat Nazirliyində isə tənqidi rədd edirlər. Onlar hesab edirlər ki, dəstək proqramına bütün federal torpaqlar tərəfindən federal hökumətlə birgə start verilib. “İnsanların qayğılarına, ehtiyaclarına məsuliyyətsiz yanaşdığımıza görə bizi qınamaq lazım deyil”, - deyə bu günlərdə Almaniyanın Sosial-demokrat partiyasından (ASDP) olan deputat Sebastyan Şmitt bildirib. O, çətin vəziyyətlərdə insanlara yardımın göstərildiyini qeyd edib.
Almaniyanın Xristian-Demokratik İttifaqının təzminat tələb edən qətnamə təklifi Bundestaqdakı ASDP-nin hökumətdəki çoxluğu tərəfindən rədd edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin