ALMANİYA PAYTAXTI KRİMİNAL QÜVVƏLƏRƏ QARŞI MÜBARİZƏ ELAN ETMİŞDİR
AZƏRTAC-ın Berlindəki xüsusi müxbiri xəbər verir ki, Almaniya paytaxtında kriminogen vəziyyətdən, xüsusilə son zamanlar narkomanlığın, narkotik vasitələrin qanunsuz dövriyyəsinin artmasından narahat olduğunu bildirən Almaniya hökuməti hüquq mühafizə orqanlarına bu təhlükəli hallara qarşı təcili mübarizə tədbirlər görməyi tapşırmışdır.
"Aleksandr meydanı" əməliyyatını həyata keçirən hüquq mühafizə orqanlarının başladığı ilkin mübarizə əməliyyatları uğurla nəticələnmişdir. Polisin məlumatına görə, ilk həftə müddətində meydanda keçirilən əməliyyatlar nəticəsində cinayətkarların, oğruların və narkobiznesçilərin çoxsaylı qruplaşmaları müəyyən olunmuş, onların rəhbərləri həbs edilmişdir. Narkotrafikçilər ciddi nəzarət altında saxlanılır, onların əlaqələndiriciləri və "əmtəə təchizatçıları" müəyyənləşdirilərək həbs olunurlar. Məsələn, Aleksandr meydanında 41 yaşlı birinin izinə düşən polis cinayətkarın mənzilində narkotik xassəli bitkilər becərilən "kiçik plantasiya" aşkar etmişdir. Polis bu "bioloqun" bitkiləri yüksək aqrotexniki səviyyədə becərməsinə, narkotik xassəli bitkilərdən xüsusi qurğular vasitəsilə əla növ narkotik vasitələr istehsal etmək bacarığına heyran qalmışdır.
Hüquq mühafizə orqanlarının qənaətinə görə, xarici ölkələrdən
Almaniyaya narkotik vasitələrin qanunsuz nəqli yollarının qapanması narkobiznesçiləri narkotik bitkiləri artıq ölkə daxilində becərməyə və narkotiklər istehsal etməyə sövq etmişdir.