ALMANİYA SƏFİRİ ZAQATALADA OLMUŞDUR
Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina iyunun 27-də Zaqatala rayonunda qonaq olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən görüşdə qonağı səmimi salamlayan rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkələrimiz arasında ikitərəfli əlaqələrin istər iqtisadi, istərsə də mədəni sahədə uğurla inkişaf etdiyini xüsusi vurğulamış, rayonun iqtisadiyyatı, coğrafi mövqeyi, təbiəti, turizm potensialı və əhalinin məşğuliyyəti barədə məlumat vermişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Per Stançina Zaqatalaya ilk dəfə səfər etdiyini, rayonun təbiətinə, abadlığına, təmizliyinə, şəhərdə aparılan quruculuq işlərinə valeh olduğunu bildirmişdir. Zaqatalanın böyük turizm potensialına malik olduğunu qeyd edən səfir gələcəkdə alman turistlərinin, iş adamlarının bu diyara səfərlərinin təşkilinə kömək edəcəyini bildirmişdir.
Qonağa milli musiqi alətləri, suvenir dəsti hədiyyə edilmişdir.
Sonra Almaniya səfiri rayonun görməli yerlərinı gəzmiş, tarix və mədəniyyət abidələrinə baş çəkmiş, şəhərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olmuşdur.