Almaniyada 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də Almaniya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Nordhayn-Vestfallen əyalətinin Bottrop şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, anım tədbirinin keçirilməsi Bottrop şəhərinin Bələdiyyə İdarəsi tərəfindən dəstəklənmiş və bu məqsədlə şəhər mərkəzində xüsusi yer ayrılmışdır.
Dövlət rəsmilərinin, siyasi xadimlərin, diaspor nümayəndələrinin dəvət olunduğu tədbirdə çıxış edən birliyin sədri Elnur Rixter Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq bildirmişdir ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Həmçinin qeyd etmişdir ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaqdır.
Birliyin Bottrop şəhəri üzrə nümayəndəliyinin rəhbəri Seylan Məmmədov 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermiş və 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı sovet imperiyasının törətdiyi qanlı cinayətlərdən danışmışdır.
Aksiya iştirakçılarına 20 Yanvar faciəsindən bəhs edən kitablar, videomateriallar təqdim edilmişdir.