ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏ GENİŞLƏNİR
Milli sərvətimiz olan meşələrimizi qorumaq və ölkəmizin aqrar bölməsinin inkişafına dəstək məqsədi ilə nazirlik Türkiyədə istehsal olunan “KİSKATECH-ECOQAS-15” bioqaz qurğularını respublikamıza gətirərək müxtəlif bölgələrdə quraşdırmışdır.
Bu qurğulardan 2 ədədi Astara rayonunun Siyəkü və Lerik rayonunun Piran kəndlərində istifadəyə verilmişdir.
Qurğuların işəsalınma mərasimində iştirak etmək üçün ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Türkiyənin “Kiska” Texniki Tikinti Səhmdar Cəmiyyətinin Azərbaycan filialının direktoru Fariz Cəmilli oktyabrın 14-də cənub bölgəsinə gəlmişlər.
Qonaqlar Astara rayonunun Siyəkü kəndində Nurəddin Hüseynovun evində və Lerik rayonunun Piran kəndində Mirhətəm İbrahimovun evində quraşdırılmış qurğuların iş prosesi ilə tanış olmuşlar. Nazir bioqazın iqtisadi cəhətdən sərfəli oduğunu bildirmiş, bu tədbirlərin ölkəmizin təbii sərvətlərindən səmərəli istifadəyə və ekosistemlərə təsirinin azaldılmasına xidmət etdiyini vurğulamışdır.
Bioqaz qurğusunda bir gün ərzində istehsal olunan təbii qaz ailənin mətbəx tələbatını və bir otağın qızdırılmasını təmin edir.