AMEA Naxçıvan Bölməsində “İbrahim Səfinin həyatı və yaradıcılığı” kitabının təqdimatı olub
Naxçıvan, 21 dekabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın “İbrahim Səfinin həyatı və yaradıcılığı” kitabının təqdimatı olub.
Akademiyanın Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kitabın təqdimat mərasimində çıxış edən AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev İbrahim Səfinin Şərur rayonunun indiki Cəlilkənd kəndində anadan olduğunu, həyatının çox hissəsini Türkiyədə keçirdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, bu səbəbdən onun yaradıcılığında Türkiyə mövzusu üstünlük təşkil edir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncamı rəssamın həyat və yaradıcılığının tədqiqi istiqamətində yeni mərhələnin başlanğıcı olub, bir çox elmi əsərlər ərsəyə gəlib. Fizzə Quliyevanın yeni nəşr olunmuş “İbrahim Səfinin həyatı və yaradıcılığı” kitabı da həmin əsərlərdəndir.
Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin kiçik elmi işçisi Mirsəlim Eminov “İbrahim Səfi yaradıcılığının tədqiqi naxçıvanşünaslığa dəyərli töhfədir” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, müəllif ilk olaraq rəssamın atasız keçən uşaqlıq və gənclik illərini, daha sonra ailə, vətən, doğma yurd həsrəti ilə keçən ömrünü, sənət eşqini oxuculara ümumiləşdirilmiş və qısa şəkildə çatdırmaqla İbrahim Səfi şəxsiyyəti, sənət irsi haqqında təəssürat yaradıb.
Kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, rəyçiləri isə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovdur.
Vurğulanıb ki, məşhur rəssam olmasına baxmayaraq İbrahim Səfinin həyatı və yaradıcılığı son dövrlərə kimi ətraflı tədqiqata cəlb olunmamışdı. Yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 17 oktyabr tarixli Sərəncamından sonra İbrahim Səfi şəxsiyyəti doğma yurdu Naxçıvanda ləyaqətlə anılıb, yaradıcılıq irsinin əbədiləşdirilməsi istiqamətində işlər görülüb, albom-kataloqu nəşr olunub.
Daha sonra AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev çıxış edərək bildirib ki, çoxşaxəli yaradıcılığa malik İbrahim Səfinin əsərləri müxtəlif mövzu və janrları əhatə edir. O, qeyd edib ki, rəssamın yaradıcılığı tarixi-etnoqrafik məlumatlarla zəngindir. Xalqın, müsəlman aləminin adət-ənənəsini əks etdirən tabloları təkcə incəsənət üçün deyil, həm də etnoqrafik məlumatların öyrənilməsində mühüm mənbədir.
Vurğulanıb ki, rəssamın həyat verdiyi əsərlər sırasında türk dünyasının dahi lideri Mustafa Kamal Atatürkün portreti ən parlaq yaradıcılıq uğuru kimi qiymətləndirilə bilər. Yaradıcılığında qaçqınlıq, erməni vandallığı və digər motivlərin təsviri əsl vətənpərvərlik nümunəsidir. Onun yaradıcılığının ən kiçik incəliklərinə qədər araşdırıldığını deyən alim bildirib ki, bu kitab Fizzə Quliyevanın müstəqil tədqiqatçı kimi fəaliyyətində xüsusi əhəmiyyət daşıyır.
Sonra kiçik elmi işçisi Fatma Məmmədova çıxış edərək İbrahim Səfi yaradıcılığının portret janrı haqqında fikirlərini bölüşüb.
Sonda çıxış edən müəllif Fizzə Quliyeva gənc tədqiqatçılara və bütövlükdə elmə, sənətə göstərdiyi qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.