REGİONLAR
AMEA-nın Gəncə bölməsində Müstəqillik Gününün Bərpasına həsr olunmuş dəyirmi masa keçirilib
Gəncə, 18 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər İcra Hakimiyyətinin dəstəyi, AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər Ağsaqqallar və Veteranlar şuralarının üzvləri, ziyalılar, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə Bölməsinin üzvləri iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbiri açaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) şəhərimizdə fəaliyyətə başlamasından artıq 100 ildən çox vaxt keçməsinə baxmayaraq, gəncəlilər daim bu tarixi günü yad edirlər. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı yenicə bərpa olunmuş müstəqilliyini daha da möhkəmləndirib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Əldə olunan bu qələbə xalqımız üçün böyük zəfər salnaməsi olmaqla bərabər, həm də gənc nəslin dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox qiymətlidir.
Tədbirdə Ağsaqqallar Şurasının sədri, professor Xalid Qurbanov, Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, şairə Xəzangül Hüseynova, bölmənin Tarix şöbəsinin müdiri professor Həsənbala Sadıqov, veteranlar Fəxrəddin Usenov, Mobil İmanov, veteran, Xalq artisti Məmmədəli Balayev və başqaları Azərbaycan dövlətçiliyinin yaranma tarixi haqqında çıxış edib, ölkə parlamentinin müstəqillik gününün bərpası ilə bağlı qərarının əhəmiyyətini və müstəqillik mübarizəmizin tarixinə nəzər salaraq, bu şanlı salnamədə Gəncə şəhərinin yeri və rolunu qürurla vurğulayıblar.