AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin məqaləsi Türkiyə Elmlər Akademiyasının jurnalında dərc olunub
Naxçıvan, 10 fevral, AZƏRTAC
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin Türkiyə Elmlər Akademiyasının arxeologiya ilə bağlı son tədqiqatların yer aldığı “TÜBA-AR” jurnalında “Azərbaycanın Son Neolit və İlk Eneolit dövrü mədəniyyətlərinin şimal-qərbi İran ilə əlaqələri” adlı məqaləsi dərc olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalədə Cənubi Qafqazın xammal yataqları ilə bağlı bu bölgələr arasında qarşılıqlı əlaqələrin yarandığı və bu əlaqələrin Dalma Təpə mədəniyyətinin formalaşması ilə nəticələndiyi qeyd olunur.
Müəllif qeyd edib ki, Naxçıvantəpənin Son Neolit təbəqəsindən götürülən bir kömür nümunəsinin eradan əvvəl 5209-4930-cu illərə, digər bir nümunənin isə eradan əvvəl 5038-4799-cu illərə aid olduğu üzə çıxıb. Bu faktlara əsasən Dalma Təpə mədəniyyətinin eradan əvvəl VI minilliyin sonu və V minilliyin əvvəllərində formalaşdığını demək olar.
Tədqiqatçının fikrinə görə, Dalma Təpə mədəniyyəti Naxçıvan və Urmiya hövzəsini əhatə edən bölgədə formalaşıb və bu bölgədən cənuba doğru yayılıb. Naxçıvantəpə və Urmiya hövzəsinin cənub-şərqindəki Dalma Təpə bu mədəniyyətin ən önəmli mərkəzlərindən olub. Araşdırmalar göstərir ki, Naxçıvandan Salmas ovalığına, oradan da cənuba doğru yönələn qədim kommunikasiya xətləri Cənubi Qafqaz, Azərbaycan və Urmiya hövzəsi arasındakı iqtisadi-mədəni əlaqələrin ən mühüm istiqamətlərindən biri olub. Böyük ehtimalla, bu yol Cənubi Qafqaz xammalının, xüsusilə obsidianın cənuba daşınmasında əsas yer tutub.
Məqalə ilə daha ətraflı bu linkdən tanış olmaq mümkündür.