AMEA-nın Naxçıvan bölməsində Qərbi Azərbaycanla bağlı elmi konfrans keçirilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Xalqımızın qədim yurd yeri: Qərbi Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Konfransı açan Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev vaxtilə ermənilərin əzəli ərazilərimizə məqsədli köçürüldüyünü, sonralar tarixi torpaqlarımız hesabına “ərazilərini” genişləndirdiyini, öz məkrli niyyətlərini həyata keçirmək üçün xalqımıza qarşı kütləvi qırğınlar, soyqırımlar törətdiyini, deportasiyaya məruz qoyduğunu bildirib. Havadarlarının dəstəyi ilə öz planlarını reallaşdıran ermənilər Qərbi Azərbaycanda 499 Azərbaycan kəndini dağıdıb, 704 kəndin türk mənşəli adını dəyişib, bölgəni süni şəkildə erməniləşməyə məruz qoyublar.
Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları üçün apardığı uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bölmə sədri dövlətimizin başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü xatırladaraq bildirib ki, həmin tədbirdə Prezident İlham Əliyevin geniş nitqi Qərbi Azərbaycana qayıdışın təməlini formalaşdırıb, geri dönüşün reallaşması üçün istiqamətləndirici amil olub. Alim Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının artıq hazırlandığını və bu istiqamətdə bir çox işlər görüldüyünü söyləyib.
Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Göyçə-Dərələyəz elegiyası”, institutun şöbə müdiri dosent Toğrul Xəlilov “Qərbi Azərbaycanın qayaüstü təsvirlərinin Naxçıvan paralelləri”, aparıcı elmi işçi dosent Sara Hacıyeva “Qərbi Azərbaycanın qoç və qoyun heykəlli qəbirüstü abidələri”, elmi işçi Aysel İsmayılova “Qərbi Azərbaycanın tarix-memarlıq abidələrində erməni vandalizminin izləri” mövzusunda məruzə ediblər.
Məruzələrdə Dərələyəz və Göyçə mahallarının əzəli Azərbaycan torpaqları olması faktına diqqət çəkilib, bölgənin tarixən türklərə məxsusluğu, buradakı türk mənşəli toponimlər diqqətə çatdırılıb. Ermənilərin dəyişdirdiyi, yaxud təhrif etdiyi toponimlərimizin bir qismi sadalanaraq, həmin yer adlarının etimologiyası izah olunub. Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri, bu təsvirlərin ifadə etdiyi məzmun və süjet xəttinin ümumtürk təfəkkürünə məxsusluğundan bəhs olunub. Qarakilsə təsvirləri ilə Gəmiqaya qayaüstü təsvirlərinin ortaq səciyyəvi xüsusiyyətləri iştirakçıların diqqətinə çatdırılıb. Urud kəndində qeydə alınmış 100-ə yaxın qoç heykəlli qəbirüstü abidələrin türk inanc sistemində yerindən söz açılıb. Həmin abidələrin prototürk mədəniyyətinə aid olması, türk mənşəli etnosların bölgənin yerli əhalisi olması faktı əsaslandırılıb.
Erməni vandalizminə məruz qalmış Sərdar qalası, Sərdar məscidi, Abbas Mirzə məscidi, Aşıq Ələsgərin qəbirüstü abidəsi və başqa tarix-memarlıq abidələrimizin inşa tarixi, memarlıq xüsusiyyətləri və dağıdılması barədə məlumat verilib.
Tədbirə yekun vuran akademik İsmayıl Hacıyev Qərbi Azərbaycan, o cümlədən Zəngəzurla bağlı konfransların növbəti aylarda da keçirilməsinin vacibliyini vurğulayıb, müəyyən təkliflər irəli sürüb.