ELM VƏ TƏHSİL
AMERİKA ALİMİ QƏRB UNİVERSİTETİNİN FƏXRİ PROFESSORUDUR
Qərb Universitetində ABŞ-ın İndiana ştatı universiteti ilə birgə həyata keçirilən “İctimai idarəetmə və hüquq” tərəfdaşlıq proqramının direktoru, doktor Rendal Beykerə universitetin fəxri doktoru adı verilməsi və fəxri professoru diplomu təqdim edilməsi mərasimi olmuşdur.
Mərasimdə qeyd edildi ki, Azərbaycanın ilk özəl tədris müəssisələrindən olan Qərb Universiteti xarici ölkələrin aparıcı ali məktəbləri ilə geniş əlaqələr yaratmışdır. Üç ildir ki, Bakının bu ali məktəbində İndiana Universiteti ilə birlikdə ictimai idarəetmə sahəsində kadrlar hazırlanmasına dair proqram həyata keçirilir. ABŞ dövlət departamentinin maliyyələşdirdiyi bu proqramdan əsas məqsəd bir-birinə müəllimlər göndərməklə bakalavr və magistrlər hazırlanması üçün tədris proqramları yaratmaq və Qərb Universitetində ictimai idarəetmə məktəbi təşkil etməkdir.
Universitet Elmi şurasının üzvləri, akademik Urxan Ələkbərov, professor Ağababa Rzayev, təhsil nazirinin müavini Elmar Qasımov, ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndələri, müəllim və məzunlar həmin proqramın təşkilində və həyata keçirilməsində doktor Rendal Beykerin mühüm rolunu vurğulamışlar.
Doktor Beyker onun fəaliyyətinə yüksək qiymət verildiyinə görə Elmi şuranın üzvlərinə təşəkkür edərək, ümidvar olduğunu bildirmişdir ki, ölkələrimizin universitetləri arasında əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcəkdir.
Mərasimin sonunda həmin proqram çərçivəsində İndiana Universitetinin maliyyə yardımı ilə təşkil edilmiş məşğələ laboratoriyasının və kompüter salonunun açılışı oldu.