Amerika məhkəməsi erməni cütlüyü dələduzluğa görə 17 il həbs cəzasına məhkum edib
Vaşinqton, 19 noyabr, AZƏRTAC
Kaliforniyadan olan erməni cütlüyü COVID-19 pandemiyasının nəticələrindən zərər çəkmiş şəxslərə yardım fondlarından qanunsuz yollarla 20 milyon dollardan çox vəsait aldıqlarına görə 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
AZƏRTAC Amerika KİV-inə istinadla xəbər verir ki, Riçard Ayvazyan və Marietta Terabelyan avqustun 29-da elektron izlənmə qolbaqlarını sındıraraq naməlum istiqamətdə gizləniblər. Müttəhimlər məhkəmə prosesində fiziki baxımdan iştirak etmədiklərinə baxmayaraq, məhkəmə onları təqsirkar hesab edib və noyabrın 18-də hökm çıxarıb.
Dairə hakimi Stiven V.Uilson hökm çıxararkən Ayvazyanı “dələduzluğu uğur hesab edən bir şəxs” kimi xarakterizə edib. Hökmə əsasən, Riçard Ayvazyanın qardaşı 41 yaşlı Artur beş il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İyunun 25-də federal münsiflər məhkəməsi Riçard Ayvazyan, Artur Ayvazyan və Marietta Terabelyanı bank dələduzluğu və elektron vasitələrdən istifadə etməklə dələduzluq törətmək məqsədilə əlbir olmaqda ittihamın bir bəndi üzrə, elektron vasitələrdən istifadə etməklə dələduzluq törətmək məqsədilə əlbir olmaqda ittihamın on bir bəndi, bank dələduzluğu barədə ittihamın səkkiz bəndi və pulların yuyulması məqsədilə əlbir olmaqda ittihamın bir bəndi üzrə təqsirkar hesab edib. Riçard Ayvazyan və onun qardaşı həm də ağırlaşdırıcı hallarda şəxsi məlumatların oğurlanmasına görə məhkum ediliblər.
Federal Təhqiqatlar Bürosu Riçard Ayvazyan və Marietta Terabelyanın yeri barədə informasiya müqabilində 20 min dollara qədər mükafat təklif edir. Bu cütlük 13, 15 və 16 yaşlarında üç uşağını evdə qoyub. Uşaqların qəyyumu bildirib ki, onları Ermənistana, qohumlarının yanına göndərməyə hazırlaşır.
AZƏRTAC-ın Vaşinqton bürosu