AMERİKALILAR MARSI TƏDQİQ EDİRLƏR
Kosmik gəminin altı mühərriki 20 saniyə ərzində uğurla işə salınmış və aparatın yolunu dəqiqləşdirmişdir. Pasadendəki (Kaliforniya ştatı) ABŞ reaktiv mühərriklər laboratoriyası naviqasiya şöbəsinin rəhbəri Allen Halsell demişdir ki, kosmik gəminin Mars orbitinə martda çatacağı gözlənilir. İkitonluq aparat orbitə çıxdıqdan sonra hazırda Marsın səthini tədqiq edən üç peykə qoşulacaqdır.
Kosmik aparat Mars orbitinə indiyədək buraxılan aparatlarla müqayisədə ən müasir elmi avadanlıqla, o cümlədən planetin səthinin şəklini çəkəcək teleskopik kamera ilə təchiz edilmişdir. Marsın səthinə enən, orbitdə hərəkət edən və ya planetdən yan keçən əvvəlki kosmik gəmilər on minlərlə təsvir ala bilmişdir, lakin planet ərazisinin yalnız təxminən iki faizi yüksək ayırdetmə səviyyəsində çəkilmişdir.
Orbital aparat su əlamətləri, gələcək tədqiqat robotlarını endirmək üçün planetin səthində yerlər axtaracaq və toplanmış məlumatları Yerə ötürmək üçün rabitə xətti vəzifəsini yerinə yetirəcəkdir.
Orbital kəşfiyyat aparatı orbitə Atlas V raketi ilə avqustda çıxarılmışdır və onun fəaliyyəti 2010-cu ildə başa çatmalıdır. Lakin alimlər deyirlər ki, aparatın 2014-cü ilədək işləməsi üçün onda kifayət qədər yanacaq var.