Amerikanın nüfuzlu yəhudi təşkilatının konfransında Azərbaycanla əlaqələr gündəmə gəlib
Vaşinqton, 22 mart, AZƏRTAC
Vaşinqtonda Amerikanın ən nüfuzlu yəhudi diaspora təşkilatı - Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2016-cı ilə dair siyasi konfransı keçirilib.
Konfrans çərçivəsində Azərbaycan ilə İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminar təşkil olunub. Artıq neçə illərdir AIPAC siyasi konfranslarına dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov seminarda əsas natiq qismində çıxış edib. Hayfa Universitetinin professoru, hazırda ABŞ-ın məşhur Corctaun Universitetinin tədqiqatçısı kimi fəaliyyət göstərən Brenda Şeyferin moderatorluğu ilə keçən seminarda, həmçinin Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda İpək yolu araşdırmaları proqramının direktoru Svante Kornelin də çıxışı dinlənilib.
Səfir Elin Süleymanov Azərbaycan ilə ABŞ arasında əlaqələrdən danışaraq, iki ölkənin enerji sahəsində və radikalizmlə mübarizədə yaxın tərəfdaşlıq münasibətlərinə malik olduğunu və Birləşmiş Ştatların regionun enerji layihələrinə dəstəyinin əhəmiyyətini vurğulayıb. Diplomat, həmçinin hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edib.
Müsəlman şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu xatırladan diplomat bu gün Azərbaycanın proqressiv müsəlman dövləti olaraq inkişafının və tolerantlıq nümunəsinə çevrilməsinin məhz ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu söyləyib. Səfir dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycanın tolerantlıq ənənələri ilə gündəmə gəldiyini, ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb.
Azərbaycanla İsrail arasında yaranmış tərəfdaşlığın praqmatik siyasətin və mədəniyyətlərarası dialoqa sadiqliyin göstəricisi olduğunu söyləyən səfir iki ölkə arasında iqtisadi, humanitar və siyasi əlaqələrin yüksək səviyyəyə çatdığını, habelə bu tərəfdaşlığın xalqlarımızın uzun əsrlər boyu davam edən dostluğuna söykəndiyini bildirib.
Çıxışlardan sonra təşkil edilmiş sual-cavab sessiyasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslər və regional təhlükəsizlik çağırışları kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən iyirmi mindən çox nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin 300-ə yaxın üzvü, habelə bir sıra yüksək vəzifəli rəsmilər qatılıblar. Konfransda ABŞ vitse-prezidenti Cozef Bayden, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayn, 2016-cı ildə keçiriləcək prezident seçkilərində namizədliklərini irəli sürmüş sabiq dövlət katibi Hillari Klinton, Texas ştatından olan senator Ted Kruz, biznesmen Donald Tramp, Con Keysik və başqaları çıxış ediblər.
Qeyd etmək lazımdır ki, Amerikada nüfuzlu siyasi tədbir olan AIPAC konfranslarında əsasən ABŞ və İsraillə bağlı müzakirələr aparılır və nadir hallarda digər dövlətlərlə bağlı tədbirlərə yer verilir. Buna baxmayaraq, AIPAC siyasi konfranslarında son illər Azərbaycan ilə İsrail arasında münasibətlərə dair xüsusi tədbirin keçirilməsi artıq ənənəyə çevrilib və bu da ölkəmizin dünyada artan strateji əhəmiyyətinin daha bir göstəricisidir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton