MƏDƏNİYYƏT
“Ana harayı”na çatan şeirlər
![“Ana harayı”na çatan şeirlər](/files/2023/1/1200x630/167784893572635024_1200x630.jpg)
Bakı, 3 mart, AZƏRTAC
Yazıçılar Birliyinin üzvü, istedadlı şair Elbrus Qayalı növbəti dəfə oxucularla görüşə gəlib.
AZƏRTAC xəbər verir ki, şairin yeni şeirlər kitabı “Ana harayı” adlanır.
“Azəri” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabda 1998-ci ildən başlayan Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində öz canları, qanları hesabına düşmən tapdağı altında inləyən müqəddəs torpaqlarımızı düşməndən azad edən qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlər toplanıb.
Kitaba yazılmış “Ön söz”də deyilir: “Bu gün qarşıda duran mühüm vəzifələrdən biri də Vətən müharibəsində əldə etdiyimiz Qələbəni təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır. Bu mübarizədə xüsusi rola malik vəzifələrdən biri də maarifləndirici kitabların, sanballı elmi əsərlərin və tədqiqat işlərinin ərsəyə gətirilməsidir”.
Hesab etmək olar ki, Elbrus Qayalının müəllifi olduğu “Ana harayı” kitabı demək olar ki, bu ruhdadır və Qələbəmizin təbliğinə həsr olunub.
Bu istiqamətdə işlərini bundan sonra da davam etdirəcəyini söyləyən E.Qayalı bildirib ki, bu, onun şəhidlər haqqında yazdığı kitabın 1-ci hissəsidir. Ömür vəfa etsə bu kitabın digər hissələri də yazılacaq.
Kitabda Milli qəhrəmanlar Əliyar Əliyev, Şükür Həmidov, Polad Həşimov, Mübariz İbrahimov, qəhrəman şəhidlərimiz Elgün İsmayılov, Rüfət Əsgərov, Ramil Quliyev və digərləri haqqında məlumatlar və Elbrus Qayalının onlara ithaf etdiyi şeirlər yer alıb.
İnanırıq ki, Elbrus Qayalının bu kitabı da əvvəlki səkkiz əsəri kimi geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq.