DÜNYA
Anadolunun vəhşi atları Türkiyənin ekoturizmi üçün stimuldur VİDEO
Ankara, 10 iyun, AZƏRTAC
Milli təbiət parkları və qoruqlarında vəhşi atların sayının artması Türkiyədə ekoturizmin inkişafına mühüm töhfə verir.
AZƏRTAC-ın müxbiri Anadolunun Dənizli və Afyonkarahisar vilayətlərinin kəsişməsində yerləşən təbiət parklarından birində olub. Burada digərləri ilə yanaşı, çöl atları da dövlət himayəsindədir.
Akdağ Milli Təbiət Parkı bəzi yerlərdə kanyonlarla kəsişən dağlıq meşəlik ərazidə yerləşir. Dövlət mühafizəsi heyvanları vəhşi təbiətə mümkün qədər yaxın şəraitlə təmin etməyə imkan verir.
Parkda çalışanlar bildiriblər ki, bəzi illərdə Anadolunun bu hissəsində vəhşi çöl atlarının sayı 2 minə çatsa da, soyuq havaların başlaması və xəstəlik səbəbindən onların populyasiyası qeyri-sabitdir. “Yırtıcı heyvanların olması, eləcə də şiddətli şaxtalar atlara mənfi təsir göstərir. Qışda onların qidalanması çətin olur, ona görə də qoruğun müxtəlif nöqtələrində yem qoyur, bu heyvanlara kömək etməyə çalışırıq”, -deyə onlar qeyd ediblər.
Park işçilərinin sözlərinə görə, bu heyvanlar olduqca ürkəkdir və insanları görəndə çox vaxt ağacların arasında gizlənirlər.
Hər il Türkiyənin minlərlə sakini və qonaqları, o cümlədən fotoqrafiya həvəskarları təmiz havada dincəlmək və yüzlərlə atı heyranlıqla seyr etmək üçün Akdağ Milli Təbiət Parkına gəlirlər.
Bu gün Türkiyədə vəhşi çöl atlarına Türkiyənin digər bölgələrində, o cümlədən Çanaqqala, Karaman və Kayseri vilayətlərində rast gəlmək olar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara