Analitik Ekspertiza Mərkəzi: 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb
Bakı, 19 may, AZƏRTAC
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən özəl tibb müəssisələrində planlaşdırılan və plandankənar yoxlamalar keçirilir. Qeyd edilib ki, bu ilin birinci rübü ərzində plan üzrə yoxlamalar siyahısında olan 77 özəl tibb müəssisəsindən 49-da planlı yoxlamalar aparılıb. Bunun nəticəsi olaraq, 38 müəssisədə nöqsanlar aşkarlanıb. Digər 28 özəl müəssisədə isə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın ləğvi səbəbindən yoxlamaların aparılması mümkün olmayıb, 11 müəssisədə isə heç bir nöqsan aşkarlanmayıb.
AZƏRTAC Analitik Ekspertiza Mərkəzinə istinadla bildirir ki, plandankənar yoxlamalar nəzərdə tutulan 33 müəssisənin 28-də yoxlamalar aparılıb. Nəticədə 8 müəssisədə nöqsanlar aşkarlanıb.
Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 52 protokol tərtib edilib və icraata göndərilib.
Qeyd edilib ki, İXM-in 210.1-ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) fiziki şəxslər 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə edilir.
İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 6 min manatdan 8 min manatadək cərimə edilir.
İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilir.
Bundan əlavə, 67 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 55 müraciətə müsbət rəy verilib.