Analitik: Ermənistan müdafiə naziri Davit Tonoyanın verdiyi açıqlamalar heç bir fakta əsaslanmır
Bakı, 24 sentyabr, AZƏRTAC
Son bir neçə gündür Ermənistan KİV-lərində yer alan, Ermənistan müdafiə naziri Davit Tonoyan və Müdafiə Nazirliyinin mətbuat sözçüsü Artsrun Hovhannisyan tərəfindən səsləndirilən fikirlər özlüyündə ziddiyyətlər təşkil edir.
Bunu analitik Ehtiram Aşırlı AZƏRTAC-a açıqlamasında deyib.
E.Aşırlı deyib ki, əvvəla işğalçı ölkənin müdafiə naziri D.Tonoyan bir neçə gündür açıqlamalarında Azərbaycan tərəfinin diversiya qrupunun sayının 10-dan çox olması və onların cəhdlərinin videokameralarla qeydə alındığını bildirir. Bu gün D.Tonoyan jurnalistlərlə müsahibəsində Azərbaycan tərəfinin niyə belə “təxribat” cəhdinə əl atdığını və hadisənin vaxtını dəqiq deyə bilməyəcəyini, onların azmış ola biləcəklərini qeyd etdi. Buradan belə bir qənaətə gələ bilərik ki, D.Tonoyan hadisə ilə bağlı dəqiq məlumata sahib deyil. Əvvəla, Ermənistan tərəfi həqiqətən “kəşfiyyat-diversiya qrup”unun fəaliyyətini videokameralarla qeyd alıbsa çoxdan bu görüntüləri ictimaiyyətə təqdim etməklə dünyaya özünü yazıq və Azərbaycan tərəfini günahkar qismində göstərmiş olardı. Deməli, Azərbaycan tərəfinin işğalçı ölkənin müdafiə nazirinin qeyd etdiyi kimi, “təxribat” cəhdləri etməsinə dair görüntülərə sahib deyil. Buradan da aydın olur ki, bu fakt yalandır.
“Bundan əlavə, işğalçı ölkənin qeyd etdiyi kimi, saat 16:15 radələrində “kəşfiyyat-diversiya” fəaliyyətini yerinə yetirməsi faktı da reallığı əks etdirmir. Bir məqamı da diqqətə çatdıraq ki, dünya praktikasında kəşfiyyat-diversiya tədbirləri axşam vaxtlarında və yaxud kəskin hava şəraiti mövcud olduqda planlaşdırılır və həyata keçirilir. Nəticə etibarilə Ermənistan müdafiə naziri Davit Tonoyanın verdiyi açıqlamalar heç bir fakta əsaslanmır. Bu, sadəcə, daxili auditoriyaya hesablanmış açıqlamadır. Ələlxüsus, son zamanlar D.Tonoyanın da istefaya göndərilə biləcəyinə dair xəbərlərin yayıldığı bir vaxtda belə açıqlamalarla çıxış etməsi onun kreslosunu itirmək qorxusundan irəli gəlir”, - deyə E.Aşırlı qeyd edib.