ANAMA-nın minaaxtaran iti beynəlxalq yarışın qalibi olub
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaran itlər qrupunun bələdçisi Loğman Namazov və onun “KORA” adlı minaaxtaran iti ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən hər il keçirilən beynəlxalq yarışda minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə 2020-ci il üzrə qalib seçilib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Agentlik 2005-ci ildən başlayaraq ABŞ-ın Dövlət Departamentinin himayəsi altında fəaliyyət göstərən beynəlxalq təşkilat - Marşal İrsi İnstitutu ilə fəal əməkdaşlıq edir. ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu Azərbaycanda minatəmizləmə proqramına 36 minaaxtaran it və 4 partlayıcı axtaran it hədiyyə edib və onlar Agentlikdə təlim keçib. Hazırda həmin itlərdən Agentliyin apardığı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərində istifadə olunur.
Azərbaycanda minatəmizləmə proqramında fəaliyyət göstərən minaaxtaran itlər Əfqanıstanda, İraqda və digər bölgələrdə xüsusi antiterror əməliyyatlarında iştirak edib və təlim keçiblər.
“KORA” 2014-cü ildən indiyədək Azərbaycanın Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Goranboy, Qəbələ, Qazax və Ağstafada 321 min 683 kvadratmetrdən çox ərazini yoxlayıb. Bu müddətdə “KORA” piyada əleyhinə 2 mina, piyada əleyhinə 5, tank əleyhinə 3 mina parçaları, çoxsaylı güllə və partladıcı qırıntılar aşkarlayıb. Bu müddətdə 32 ailə, 8 məktəb və 2100 nəfər bu itin köməyindən istifadə edib. “KORA” 38 fermanın və 17 otlaq sahəsinin partlayıcılardan təmizlənməsində iştirak edib. “KORA” doqquz yaşında olmasına baxmayaraq, bu sahədəki gənc minaaxtaran itlərdən geri qalmır.
Qeyd edək ki, Marşal İrsi İnstitutu tərəfindən 2013-cü il üzrə aparılan seçimdə ANAMA-nın minaaxtaran it bələdçisi Mansur Aslanov və onun “NİKO” adlı iti, 2018-ci ildə isə minaaxtaran it bələdçisi Vahid Məmmədov və “ESGİMO-Rocket” adlı minaaxtaran iti qalib seçilib.
Hər il qalib müəyyənləşdikdən sonra Marşal İrsi İnstitutu tərəfindən Vaşinqtonda təntənəli tədbir keçirilir və ilin qalibinə mükafat təqdim olunur. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar olaraq, Marşal İrsi İnstitutu tərəfindən 2020-ci il üzrə nəzərdə tutulan tədbir onlayn formada keçiriləcək. Həmin tədbirdə qalib seçilmiş minaaxtaran itin minatəmizləmə əməliyyatlarındakı fəaliyyətini əks etdirən videosüjet Agentlik tərəfindən hazırlanaraq təqdim olunacaq.