Anar Bağırov: Azərbaycanda ailə məhkəmələrinin yaradılması zərurətdir
Bakı, 19 may, AZƏRTAC
Ailə mübahisələrinin spesifikliyini mürəkkəbliyini nəzərə alaraq, bu sahəsində ixtisaslaşan hakimlərin və ya ailə məhkəmələrinin yaradılması zəruridir.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, ailə qanunvericiliyinə əsasən, nikahın gələcəkdə tərəflərdən birinin sadəcə istəyi ilə maneəsiz şəkildə (buna ciddi əsaslar olmadan) məhkəmə qaydasında pozulmasına imkan verir. Yəni, nikahda olan tərəfin biri, istənilən formal əsas və səbəb göstərməklə digər tərəfin istəyi olmadan, nikaha məhkəmə qaydasında xitam verilməsinə nail ola bilər. Bu səbəbləri göstərməsə belə, şəxsin sadəcə nikahın pozulması ilə bağlı iradə ifadəsi buna kifayətdir. Belə olan hallarda, məhkəmə, 3 aylıq müddət gözləməklə nikaha xitam verə bilər. Lakin ailə mübahisələrinin spesifikliyini mürəkkəbliyini nəzərə alaraq, ailə sahəsində ixtisaslaşan hakimlərin və ya ailə məhkəmələrinin yaradılması zəruridir.
Anar Bağırov vurğulayıb ki, bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyə Respublikasında ailə məhkəmələri mövcuddur. “Düşünürəm ki, bu praktika bizdə də tətbiq edilsə, ailə problemlərinin və boşanmaların səbəbinin dərindən öyrənilməsinə zəmin yaradacaq və nəticə etibarilə boşanmaların sayının azalmasına müsbət təsir göstərəcək", - deyə o qeyd edib.