Anar Bayramov: İslahatın məqsədi səhiyyə sisteminin qarşısında duran çağırışları və problemləri aradan qaldırmaqdır
Bakı, 2 sentyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, 2030-cu ildə dünya üzrə tibb işçilərinin çatışmazlığı 11 milyon nəfərə çatacaq. Azərbaycanda hər 10 min əhaliyə düşən həkim sayı 34,5-dir ki, bu say səhiyyə sisteminin qarşısında duran ehtiyacları təmin edən bir saydır.
AZƏRTAC xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.
"Qarşımızda duran çağırış bu sayın regionlar üzrə qeyri-bərabər bölünməsi və disproporsiyanın olmasıdır. Bakı, Gəncə, Sumqayıt, Abşeronda bu say səhiyyə sistemini qane edir. Hətta Bakıda hər 10 min nəfərə 101,7 həkim düşür. Buna baxmayaraq, xüsusilə ixtisaslı həkimlərin çatışmadığı müəyyən regionlar mövcuddur. Bu islahatın əsas məqsədi tibb işçilərinin maddi rifahını yaxşılaşdırmaq, əməyini layiqli qiymətləndirmək, eyni zamanda, səhiyyə sisteminin qarşısında duran çağırışları və problemləri aradan qaldırmaqdır. Əminəm ki, bu islahat regionlarda həkim sayının artmasına və regionlara ixtisaslı həkimlərin cəlbinə çox böyük dəstək olacaq. Regionlarda həkim təminatını gücləndirmək üçün kompleks yanaşma tələb olunur. Burada həm həkimlərin hüququnun müdafiəsi, onlara olan münasibət, infrastrukturun və avadanlığın olması çox önəmlidir. Lakin bütün bu addımlar gənc həkimin regiona köçmək istəmədiyi və əməkhaqqının onu qane etmədiyi hallarda istədiyimiz effekti verməyəcək. Ona görə də bu islahatda region həkimləri üçün bir neçə istiqamətdə fərqləndirmələr aparmışıq. Buraya sabit əlavələrin böyük şəhərlərdəki sabit əlavələrdən artıq olması, işə görə verilən əlavə ödənişlər və regional əmsal da fərqlidir. Bu islahatın regionlarda həkim təminatına müsbət təsir göstərəcəyinə əminəm", - deyə Anar Bayramov bildirib.