AzTU 14-cü qlobal istiləşmə üzrə beynəlxalq konfransa ev sahibliyi edir
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə 14-cü Qlobal İstiləşmə üzrə Beynəlxalq Konfrans – (GCGW-2026) öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, 3 gün davam edəcək konfransa dünyanın 30 ölkəsindən 200-ə yaxın nümayəndə qatılıb. Beynəlxalq elmi tədbirdə qlobal istiləşmə və iqlim dəyişmələri ilə bağlı müasir çağırışlar, elmi-tədqiqat nəticələri və innovativ həllər müzakirə olunacaq. Konfrans, həmçinin müxtəlif ölkələrin alim və tədqiqatçıları arasında elmi əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından mühüm platforma olacaq.
Multidisiplinar konfrans çərçivəsində qlobal istiləşmə və iqlim dəyişmələrinin təsirləri, bərpaolunan enerji mənbələri, hidrogen texnologiyaları, enerji siyasəti, karbon emissiyalarının azaldılması, enerji səmərəliliyi, ekosistemlərin qorunması, eləcə də süni intellektin enerji sektorunda tətbiqi və digər aktual istiqamətlər üzrə məruzələr təqdim ediləcək və elmi müzakirələr aparılacaq.
GCGW-2026 çərçivəsində keçiriləcək elmi sessiyalarda iqlim dəyişmələrinin təsirlərinin azaldılması, yaşıl enerji keçidi, enerji sistemlərinin transformasiyası və yeni texnologiyaların tətbiqi ilə bağlı aktual elmi məsələlərə xüsusi diqqət yetiriləcək.
Konfrans müxtəlif ölkələrdən olan alim və tədqiqatçılara yeni elmi yanaşmaları müzakirə etmək, tədqiqat nəticələrini bölüşmək, eləcə də iqlim dəyişmələri və dayanıqlı enerji sahəsində birgə layihə və tədqiqat imkanlarını genişləndirmək üçün imkan yaradacaq.
AzTU-da GCGW-2026 kimi nüfuzlu beynəlxalq elmi tədbirin keçirilməsi universitetin qlobal iqlim gündəliyi, yaşıl enerji, dayanıqlı inkişaf və innovativ texnologiyalar sahələrində elmi potensialının və beynəlxalq əməkdaşlıqlarının daha da inkişaf etdirilməsinə töhfə verir.
Konfransa 125 məqalə qəbul olunub. Beynəlxalq rəyçilər tərəfindən onlardan 85-i konfransa təqdim edilməsi üçün seçilib.
Yekunda seçilmiş məqalələr Q1 və Q3 jurnallarında xüsusi nömrə kimi dərc olunacaq.