“Səməd Vurğun xatirələrdə”: AZƏRTAC yeni silsilə materiallara başlayır
Bakı, 2 sentyabr, AZƏRTAC
Dövlət başçısının müvafiq Sərəncamına əsasən, bu il Azərbaycanda Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi silsilə tədbirlərlə qeyd olunur.
Yubiley ili çərçivəsində görkəmli söz ustadının zəngin irsinin qorunması, öyrənilməsi və geniş şəkildə təbliğinə yönəlmiş elmi, mədəni və maarifləndirici tədbirlər keçirilir. Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan Səməd Vurğunun yaradıcılığı ötən onilliklərə baxmayaraq, aktuallığını itirmir. Onun əsərləri yeni nəsillərin mənəvi-əxlaqi və estetik tərbiyəsində mühüm rol oynamaqda davam edir.
Xalq şairinin 120 illik yubileyi ilə əlaqədar AZƏRTAC Səməd Vurğunun geniş oxucu kütləsinə az məlum olan həyat və yaradıcılıq səhifələrinə həsr olunmuş silsilə materialların dərcinə başlayır.
Görkəmli şairin həyat yolu ailə üzvlərinin, yaxınlarının və müasirlərinin xatirələri əsasında təqdim olunacaq. Materiallarda Səməd Vurğunun insani keyfiyyətlərindən, xeyriyyəçilik fəaliyyətindən, ailə həyatından, həyat yoldaşı və övladları ilə münasibətlərindən, eləcə də şairi yaxından tanıyan insanların yaddaşında qalan maraqlı və diqqətçəkən hadisələrdən bəhs ediləcək.
Silsilədə “Səməd Vurğun xatirələrdə” kitabında toplanmış xatirələr əsasında hazırlanmış materiallara xüsusi yer veriləcək. Kitabın nəşri üzrə layihənin rəhbəri Şəmil Sadiq, redaktoru isə Aslan Salmansoydur. Kitabda şairin ailə üzvlərinin, yaxınlarının, dostlarının və müasirlərinin xatirələri yer alıb. Bu xatirələr Səməd Vurğunun həyat yolunu, şəxsi keyfiyyətlərini və zəngin mənəvi dünyasını daha dərindən anlamağa imkan verir.
Layihənin məqsədi Səməd Vurğunun şəxsiyyətini yalnız böyük şair və görkəmli ictimai xadim kimi deyil, həm də parlaq xarakterə və özünəməxsus mənəvi keyfiyyətlərə malik insan kimi təqdim etməkdir. Onun doğmalarının və yaxınlarının xatirələri əsasında hazırlanmış materiallar görkəmli söz ustadının həyatının müxtəlif səhifələrinə yeni baxış formalaşdırmağa və onun şəxsiyyəti haqqında daha dolğun təsəvvür yaratmağa kömək edəcək.
Müəllif – Günel Alıyeva