Polina Rəhimova milli komandadakı karyerasını başa vurub
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova milli karyerasını başa vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə voleybolçumuz Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib. Polina Rəhimova milli komandada 15 il çıxış edib. O, bu müddətdə 4 dəfə Olimpiya Oyunlarının təsnifat mərhələsində, 2 dəfə dünya çempionatında, 9 dəfə isə Avropa çempionatının final mərhələsində mübarizə apararaq dünya rekorduna imza atıb.
“Bu rekordla ölkəmin bayrağını mümkün qədər yüksəklərə qaldırdım. Çünki həmin rekordu hələ də heç kim yeniləməyib”, - deyə Polina Rəhimova qeyd edib.
O, gənclərdən ibarət milli komandanın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Voleybolçu komandada yerli oyunçuların yer almasını yüksək qiymətləndirib.
“Azərbaycanda voleybolun yaşamağa davam etdiyini görmək çox xoşdur. Bu, çox qürurverici və ruhlandırıcıdır. İnsanların bu idman növü ilə məşğul olması sevindiricidir. Mən də şadam ki, buna öz töhfəmi verə bilmişəm”, - deyə voleybolçu bildirib.
Polina Rəhimova azarkeşləri milli komandaya dəstəyi davam etdirməyə çağırıb. O, voleyboldan tamamilə uzaqlaşmayacağını və ehtiyac yaranacağı təqdirdə milli komandaya məşqçi köməkçisi kimi dəstək verməyə hazır olduğunu söyləyib.
“Voleybola son nöqtəni qoymuram. Əgər ehtiyac olarsa və milli komandaya dəvət olunaramsa, məşqçi köməkçisi kimi kömək etməyə hazıram”, - deyə voleybolçu əlavə edib.
O, həmçinin yay düşərgəsi təşkil edəcəyini və üç həftə ərzində üç müxtəlif yaş qrupundan olan uşaqlar üçün ustad dərsləri keçirəcəyini bildirib.
“Hamınızı orada görməyə çox şad olardım. Hər kəsə təşəkkür edirəm. Bu, həyatımın çox möhtəşəm bir hekayəsi idi. Öz kitabımı bağlayıb yenisinə başlayıram. Həyat davam edir. Çox sağ olun”, - deyə Polina Rəhimova vurğulayıb.
Qeyd edək ki, voleybolçumuz yığmadakı son oyununu dünən Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə millisinə qarşı keçirib.