Anar Fərəcov: Monoqrafiya dilin sosial inkişaf qanunauyğunluqlarının öyrənilməsinə xidmət edir
Bakı, 22 iyul, AZƏRTAC
Bu yaxınlarda nəşr olunan “Dilin sosial diferensiallaşması” adlı monoqrafiyasının yazılmasının əsas məqsədi müasir dilçiliyin ən aktual istiqamətlərindən biri hesab olunan sosiolinqvistika sahəsində Azərbaycan dilçiliyində mövcud olan elmi boşluqları qismən aradan qaldırmaq, dilin sosial diferensiallaşması problemini nəzəri və praktik aspektlərdən kompleks şəkildə araşdırmaqdır.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru, “Dilin sosial diferensiallaşması” adlı monoqrafiyanın müəllifi Anar Fərəcov deyib.
Müəllif qeyd edib ki, son illərdə ölkəmizdə həyata keçirilən dil siyasəti, xüsusilə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, eləcə də “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası Azərbaycan dilinin müasir inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dilçilik elmi qarşısında yeni vəzifələrin qoyulması və dünya dilçilik elminin nailiyyətlərinin milli elmi tədqiqatlara inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Monoqrafiyanın hazırlanması da məhz bu strateji hədəflərlə uzlaşır və Azərbaycan dilinin sosial inkişaf qanunauyğunluqlarının müasir elmi yanaşmalar əsasında öyrənilməsinə töhfə verməyi qarşıya məqsəd qoyur.