Ankara arxivlərindən Naxçıvanla bağlı 500-ə yaxın sənəd toplanıb
Bakı, 31 oktyabr, AZƏRTAC
AMEA-nın Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev və Qafqaz tarixi şöbəsinin elmi işçisi Əli Tağıyev Ankara şəhərində ezamiyyədə olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ezamiyyədən qayıdan tədqiqatçılar Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyevlə görüşüblər. İlhami Əliyev yığıncaqda ezamiyyə müddətində axtarış apardıqları arxivlər, əldə olunan sənədlər, həmin sənədlərin məzmun və mahiyyəti barədə məlumat verib. Tədqiqatçı bildirib ki, Türkiyə Respublikası Prezidenti yanında Dövlət Arxivləri İdarəsi, Türk Tarix Qurumu və Türkiyə Respublikası Baş Qərargah Hərb Tarixi və Strateji Araşdırmalar İdarəsi Arxivində Naxçıvanla bağlı arxiv sənədlərinin toplanması məqsədilə aparılan axtarışlar nəticəsində 3000 səhifədən artıq 500-ə yaxın sənəd əldə olunub. Xarici İşlər Nazirliyi Türk Diplomatik Arxivi, Dövlət Arxivləri İdarəsi Cümhuriyyət Arxivi, Osmanlı Arxivi, Milli Müdafiə Nazirliyi Hərbi Təhrir Arxivinin fondlarında Naxçıvan tarixinin bütün dövrləri ilə bağlı toplanan materiallar Naxçıvanın tarixi, mədəniyyəti, müxtəlif tarixi dövrlərdəki sosial-iqtisadi həyatı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bu, yalnız sənədlər haqqında irəli sürülən ilkin fikirlərdir. Toplanan sənədlərin dəqiq və ciddi araşdırılması üçün müəyyən zamana və sahə üzrə mütəxəssislərə ehtiyac var.
Arxiv materialları üzərində çalışmağın böyük məsuliyyət, diqqət və səbir tələb etdiyini deyən İ.Hacıyev bildirib ki, Naxçıvan bölməsində elmi tədqiqatların daha dərindən və dəqiq aparılması üçün arxiv sənədləri ilə işləmək ənənəsi mövcuddur. Əlbəttə, tədqiqatçının hazırlıq səviyyəsi, araşdırdığı mövzuya hakimliyi uğurlu nəticə qazanmağa şərait yaradır. Bölmənin bəzi əməkdaşlarının əvvəlki illərdə respublikamızla yanaşı İngiltərə, Rusiya və Gürcüstan arxivlərində araşdırma apardıqlarını xatırladan akademik bildirib ki, bu istiqamətdə işlər davam etdirilməli, axtarışların əhatə dairəsi genişləndirilməlidir.