Ankarada fövqəladə halların obyektiv şəkildə işıqlandırılmasının yolları müzakirə edilib
Ankara, 2 dekabr, AZƏRTAC
Ankarada Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin binasında fövqəladə halların işıqlandırılması mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Erasmus+ “Fəlakətlərin işıqlandırılması: Xəbərlərin fəlakətə çevrilməsinin qarşısı necə alınmalı” təhsil proqramı çərçivəsində təşkil edilən tədbirdə Türkiyə və bir sıra dövlətlərdən, o cümlədən Azərbaycandan olan aparıcı media təşkilatlarının rəsmiləri və nümayəndələri iştirak ediblər.
Türkiyə, Sloveniya, Ukrayna və İspaniya universitetləri, eləcə də Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) təşəbbüsün reallaşdırılmasına fəal şəkildə töhfə veriblər.
Tədbiri açan Türkiyə Fövqəladə Hallar İdarəsinin (AFAD) rəhbəri Ali Həmzə Pəhlivan fövqəladə halların obyektiv işıqlandırılmasına görə media nümayəndələrinə minnətdarlığını bildirib.
İdarə rəhbəri jurnalistlərin mənfi ictimai rəyin qarşısının alınması kontekstində gördüyü işləri yüksək qiymətləndirib və media ilə rəsmi strukturlar arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
AFAD rəhbəri sosial media da daxil olmaqla, yalan məlumatların yayılmasının yaratdığı təhlükələri vurğulayıb.
A.H.Pəhlivan 2023-cü ilin fevral ayında baş verən zəlzələlər dövründəki hadisələri nümunə kimi gətirib. “Fəlakət zonasında Türkiyənin 11 əyalətindəki vəziyyətlə bağlı təkçə sosial mediada 150 milyon paylaşım yerləşdirilib, onlardan bəzilərində açıq-aşkar yalan məlumatlar var idi”, - deyə o bildirib.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanettin Duran fövqəladə halların nəticələrinin obyektiv işıqlandırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dağıdıcı zəlzələlər günlərində Kommunikasiya İdarəsi də fəlakət zonasının reallıqlarının təhrif olunmasının qarşısını almaq üçün əlindən gələni edib. Duran deyib: “Təkcə zəlzələlərdən sonrakı ilk beş ayda Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi xətti ilə 450 dezinformasiya hadisəsi ifşa edilib”.
Tədbir fəlakət zonalarında hadisənin işıqlandırılmasına dair etik qaydalar məsələsi də daxil olmaqla panel müzakirələrlə davam etdirilib.
Seminar çərçivəsində fövqəladə hallar mövzusunda fotosərgi də təşkil edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara