Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycanın hərb tarixində parlaq tarixi zəfərləri ilə özünəməxsus yer tutan şanlı Aprel döyüşlərindən altı il ötür.
2016-cı ilin aprel döyüşləri Ordumuzun və xalqımızın tarixində yeni dövrün - qələbə dövrünün başlanğıcı oldu. Aprel döyüşləri, eyni zamanda, bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərdi, xalqımızın ədaləti tezliklə bərpa edəcəyinin, düşmən işğalı altında qalan torpaqlarımızın azad olunacağı mesajını verdi. Aprel döyüşləri xalqımızın mövqeyini, həmrəyliyini, əqidəsindən, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Vətən, torpaq, el-oba yolunda hər cür fədakarlığa hazır olduğunu təsdiqlədi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov deyib.
O qeyd edib ki, Aprel döyüşlərində “dəmir yumruq” öz gücünü göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasətinə, prinsipial mövqeyinə arxalanan şanlı Azərbaycan Ordusu qısa müddət ərzində düşmənin qüvvələrini qəti zərbələrlə sıradan çıxardaraq, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelərini düşməndən azad etdi. Bununla da Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək fikri öz təsdiqini tapdı, cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mif alt-üst edildi.
“2016-cı ilin Aprel döyüşlərində əldə edilən böyük hərbi uğurun məntiqi nəticəsi olaraq 2020-ci ildə Vətən müharibəsində xalqımızın əbədi və əzəli torpaqları olan Qarabağ düşmən işğalından tamamilə azad edildi. Lələtəpədən başlanan şərəfli yol böyük Zəfər ilə bitdi.
Vətən müharibəsində tarixi Şuşa zəfərinə yol açan Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbə uğurla tamamlandı, işğalçı Ermənistan ordusu darmadağın edildi, işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalandı, xalqımız qələbə sevinci yaşadı. Milli birlikdən güc alan, işğalla barışmayan Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən toy-büsatlı günlərinə qovuşdu”, - deyə Ramil Orucov qeyd edib.