Aprel döyüşləri xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini bir daha dünyaya göstərdi
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Uşaq və Gənclər Sülh Şəbəkəsinin Liderlik Məktəbində Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Aprel zəfərinin ikinci ildönümünə həsr olunmuş tədbirdən öncə 26 il bundan əvvəl Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalmış Kəlbəcərin Ağdaban kəndində baş vermiş qətliam xatırlanıb. Nəzərə çatdırılıb ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər 130 evdən ibarət, 700-dən çox sakini olan kəndi yerlə yeksan edərək əhaliyə divan tutub, 67 nəfəri qətlə yetirib, o cümlədən qocalar, qadınlar, körpələr diri-diri yandırılıb.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili, kimya elmləri doktoru, professor Elmira Süleymanova erməni faşizminin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərdən, soyqırımılarından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, eləcə də tariximizin şanlı səhifələrindən olan Aprel zəfərindən söhbət açıb, Liderlik Məktəbinin növbəti qonağını dinləyicilərə təqdim edib.
Sonra çıxış edən Abdulla Qurbani dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini bir daha dünyaya bəyan edən aprel döyüşləri və qazanılan uğurlar barədə ətraflı məlumat verib, şahidi olduğu döyüş səhnələrini, əsgər və zabitlərimizin qəhrəmanlıqlarını yada salıb, şəxsi igidlik və şücaət göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızı xatırlayıb. Qonaq Bakı şəhərinin və ətraf rayonların məktəblərini təmsil edən uşaq və gənclərin suallarını cavablandırıb.
Sülhməramlı qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət edən Ruslan Mahmudov İraq və Əfqanıstanda da Azərbaycan gənclərinin sülhməramlı missiyalarda fəal iştiraklarından bəhs edib, bu gün də Aprel zəfərini yeniləməyə hazır olduqlarını bildirib.
Məktəblilərin tərəfindən qiraət edilən vətənpərvərlik şeirləri alqışlarla qarşılanıb.
Tədbirin sonunda Abdulla Qurbani Liderlik Məktəbinin fəallarına müəllifi olduğu “Lələtəpə fatehləri”, “Çingiz dastanı”, “Ordumuz-qürurumuz, xalqımız-dayağımız”, “Qəhrəman Tərtərin müdafiəsində” adlı kitablarını hədiyyə edib.
Ombudsman Elmira Süleymanova bu kimi tədbirlərin uşaq və gənclərin vətənpərvərlik, şanlı döyüş ənənələrinə sədaqət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, qonağa minnətdarlığını bildirib.