APRELİN 3-DƏ SUMQAYITIN YENİ TARİXİ BAŞLANMIŞDIR
Sumqayıt ictimaiyyətinin nümayəndələri xalqımızın dahi oğlunun xatirəsinə hörmətlərini ifadə edərək, aprelin 3-də Fəxri xiyabana gəlmiş, ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil və tər gül-çiçək qoymuşlar.
Elə həmin gün, Heydər Əliyevin tapşırığı ilə qısa müddətdə əsaslı surətdə təmir olunmuş kimyaçıların Üzeyir Hacıbəyov adına mədəniyyət sarayında şəhər fəallarının yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları unudulmaz Prezident Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutlla yad etmişlər.
Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev öz çıxışında il ərzində görülmüş işlərdən danışmışdır: orta məktəblərin maddi-texniki bazası möhkəmləndirilmişdir, 2 məktəb tikilir, 16500 insan pulsuz müalicə, dava-dərmanla təmin edilmişdir, şəhər mərkəzindən uzaq, əsasən, aztəminatlı ailələrin sıx yaşadığı yaşayış massivlərində səyyar ambulatoriyalar fəaliyyət göstərir.
Şəhərin siması dəyişmişdir. Bir çox küçələr əsaslı şəkildə təmir olunmuş, 170 min kvadratmetr asfalt döşənmiş, yeni fəvvarələr, bağçalar, parklar şəhərə yaraşıq verir. 2 böyük mədəniyyət sarayı sumqayıtlıların xidmətindədir.
“Azərboru” səhmdar cəmiyyətində, “Azəralüminium”un Sumqayıt sahəsində, “Sumqayıtaşqarlar”, “Xovluiplik” müəssisələrində iş canlanmışdır. Yeni kərpic zavodu istifadəyə verilmiş, plastik borular və asfalt zavodlarının, qənnadı fabrikinin tikintisi sürətlə gedir.
İl ərzində təkcə sahibkarlığın inkişafı hesabına şəhərdə 1200 iş yeri açılmışdır. Ən başlıcası isə, Sumqayıtda mənəvi-psixoloji mühit dəyişmiş, hamı yaradıcı əməyə, şəhərin abadlığının yaxşılaşdırılmasına səfərbər edilmişdir.
Azərbaycan seçicilərinin mütləq əksəriyyəti kimi, sumqayıtlılar da İlham Əliyevi özlərinin Prezidenti seçərək, onun ləyaqətlə davam etdirdiyi Heydər Əliyev siyasi xəttinə sədaqətlərini təsdiqləmişlər.
Sonra “Üç aprel səhəri” sənədli filminin ilk tamaşası olmuşdur.
45 dəqiqəlik filmin müəllifləri Heydər Əliyevin Sumqayıta və sumqayıtlılara diqqət və qayğısını əyani surətdə nümayiş etdirmişlər. Həqiqətən, 2003-cü il aprelin 3-ü Sumqayıt şəhərinin dirçəliş günü olmuşdur.
Mədəniyyət sarayının foyesində Heydər Əliyevin Sumqayıtla əlaqələrindən bəhs edən böyük fotosərgi açılmışdır.