REGİONLAR
Aqrar məsləhət xidmətini bütün fermerlər üçün əlçatan edəcək innovativ həllər axtarılır
Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada əmtəə əsaslı aqrar məsləhət platformalarında fermerlərə bələdçilik edəcək fasilitatorlar (aqrar məsləhətçilər) üçün təlimlər təşkil olunub. Ölkədə ilk dəfə tətbiq olunan və sınaqdan keçirilən əmtəə əsaslı aqrar məsləhət platformaları pilot bölgələr olan Quba-Xaçmaz və Gəncə-Qazax regionlarında yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Layihənin beynəlxalq məsləhətçisi, təlimçi Anna Krol Rees bildirib ki, əmtəə əsaslı məsləhət platforması məhdud resurslarla keyfiyyətli aqrar məsləhət xidmətinə çıxış imkanı verəcək.
“Kiçik və orta fermer üçün fərdi aqrar məsləhət xidməti əldə etmək çətindir. Bunun bir səbəbi maddi imkana bağlıdırsa, digər səbəb yaxşı, münasib keyfiyyətli və etibarlı aqrar məsləhətçilərin sayının azlığıdır. Əmtəə əsaslı məsləhət platforması istehsal etdiyi məhsullara görə qruplarda birləşən fermerlərə məsləhət xidmətinin xərclərini bölüşməyə və xidmət təminatçıları üçün daha cəlbedici olmağa imkan yaratmaqla hər iki problemi həll edir”, - deyə Anna Krol Rees bildirib.
Fasilitator xüsusi təlimlərlə fasilitasiya texnikasına yiyələnmiş şəxsdir. O, müəyyən bitkilərin becərilməsi və heyvanların saxlanması ilə bağlı problem və çətinlikləri müəyyən etmək üçün fermer qrupu ilə işləyir. Daha sonra fasilitator məlumat paylaşmaqla və ya lazım olarsa, mütəxəssis və ya təchizatçı cəlb etmək üçün əlaqələrindən istifadə etməklə fermerlərin hər birinə uyğun həll tapmaqda bələdçilik edir.
Nəzəri və təcrübi hissədən ibarət olan təlim zamanı fermerlər nümayiş sahələrinə və innovativ bağa səfər ediblər.
“Biz aqrar məsləhət xidmətini bütün fermerlər üçün əlçatan etməyə imkan verəcək innovativ həllər və layihələr axtarışındayıq. Belə layihələri dəstəkləmək və təcrübəsini yaymaqla, fermerlərin ehtiyaclarına cavab verən sistemi qurmağa nail olacağıq”, - deyə layihənin digər məsləhətçisi Kiaran Gannon vurğulayıb.
“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində ölkə üçün qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan Aqrar Məsləhət Xidməti Modeli, 5 illik strategiya və pilot regionlarda aqrar məsləhət xidmətlərinin təminatı üzrə üç illik plan hazırlanır.