“Aqroservis” ASC-də aqrar sahədə insan hüquqlarının təmin edilməsinin əhəmiyyətindən bəhs olunub
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində “Aqroservis” Açıq Səhmdar Cəmiyyətində maarifləndirici tədbir keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Aqroservis” ASC-nin İdarə Heyəti sədrinin müşaviri İsrafil İsmayılov tədbirdə çıxış edərək, insan hüquq və azadlıqlarının təmin olunmasının, bu sahədə maarifləndirmə işinin aparılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il iyunun 18-də təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində sistemli fəaliyyətin əsasını qoyub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlət başçısının Sərəncamı ilə hər il 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. ASC-də “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi kənd təsərrüfatı sahəsində çalışan şəxslər arasında insan hüquqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi və ictimai məlumatlılığın artırılmasıdır.
Hüquq şöbəsinin müdiri Aynurə Quliyeva insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, tarixi inkişaf mərhələləri, eləcə də bu sahədə qəbul olunmuş beynəlxalq və milli hüquqi sənədlər barədə ətraflı məlumat verib. Çıxış zamanı aqrar sahədə insan hüquqlarının təmin edilməsinin əhəmiyyətinə də toxunulub. Vurğulanıb ki, işəgötürən və işçilər arasında münasibətlərin əmək qanunvericiliyinə uyğun tənzimlənməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması əmək hüquqlarının təmin olunmasının əsas şərtlərindəndir.
İnsan resursları şöbəsinin müdiri Səbinə Zahidova isə “İnsan hüquqları aylığı” çərçivəsində həmkarlar ittifaqı təşkilatı tərəfindən keçirilən tədbirlərin vətəndaşların hüquqi savadlılığının artırılmasına və öz hüquqlarını daha yaxşı bilmələrinə töhfə verdiyini qeyd edib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.