CƏMİYYƏT
AQTA sədri Fransada Qətərin Bələdiyyə və Ətraf Mühit naziri ilə görüşüb
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasında iştirakla əlaqədar Fransada səfərdədir. Səfər çərçivəsində Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə aparılan institusional islahatlar, vahid qida təhlükəsizliyi sisteminin formalaşdırılması və bununla əlaqədar olaraq yaradılan agentliyin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilərək qeyd edilib ki, ölkədə qida təhlükəsizliyinə nəzarət, insanların sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması sahəsində mühüm işlər həyata keçirilir.
Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subaini Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid sistemin formalaşdırılması və əldə olunmuş nəticələri müsbət qiymətləndirərək bunun Qətər üçün də nümunə olacağını diqqətə çatdırıb və bu sahədə gələcəkdə təcrübə mübadiləsi aparılmasının vacibliyini vurğulayıb.
Görüş zamanı baytarlıq sertifikatlarının razılaşdırılması, heyvan mənşəli məhsulların ixrac prosedurları, ixrac potensiallı məhsullar üzrə əməkdaşlığın həyata keçirilməsi, yaxın gələcəkdə elektron sertifikatların mübadiləsi ilə bağlı məsələlər müzakirə mövzusu olub.
Eyni zamanda, görüş çərçivəsində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlıq üzrə müqavilə-hüquqi bazanın yaradılması üçün müvafiq istiqamətlər üzrə müqavilə layihələrinin hazırlanaraq imzalanması üzrə işlərin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Fransaya səfəri çərçivəsində bir sıra digər mühüm görüşləri də keçiriləcək.