Aralıq və Egey dənizləri sahillərində plastik tullantılarla mübarizə güclənəcək: Antalyada mühüm müzakirə
İstanbul, 23 iyul, AZƏRTAC
Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində Antalyanın ekoloji prioritetləri müzakirə olunub.
Bununla bağlı AZƏRTAC-a Sıfır Tullantı Vəqfindən məlumat verilib.
Bildirilib ki, Antalyada “Türkiyə Sıfır Tullantı, Ətraf Mühit və İqlim Dəyişikliyi” mövzusunda seminar keçirilib. Tədbirdə tullantıların azaldılması, resurslardan səmərəli istifadə, dairəvi iqtisadiyyat, iqlim dəyişikliyi ilə mübarizə və yerli ekoloji siyasətin gücləndirilməsi istiqamətində təkliflər hazırlanıb. Seminarın nəticələri Antalyanın Yerli Sıfır Tullantı Hədəf Sənədinin hazırlanmasında əsas olacaq.
Tədbirdə iştirak edən Türkiyənin Sıfır Tullantı Vəqfinin İdarə Heyətinin sədri Samed Ağırbaş bildirib ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə başlayan Sıfır Tullantı Hərəkatı artıq qlobal təşəbbüsə çevrilib. Onun sözlərinə görə, məqsəd dövlət qurumlarını, yerli idarəetmələri, universitetləri, özəl sektoru və vətəndaş cəmiyyətini bir araya gətirərək şəhərlərin ekoloji problemlərinə ortaq həll yolları hazırlamaqdır.
Ağırbaş Antalyada plastik çirklənmənin qarşısının alınması ilə bağlı genişmiqyaslı proqramın həyata keçiriləcəyini, xüsusilə Aralıq və Egey dənizləri sahillərində plastik tullantılarla mübarizə tədbirlərinin müzakirə olunacağını vurğulayıb.
Seminarda Antalya valisi Hulusi Şahin, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu, Akdeniz Universitetinin rektoru professor Özlenen Özkan çıxış edərək ekoloji problemlərin həllində ortaq məsuliyyətin vacibliyini qeyd ediblər.
Seminar çərçivəsində su ehtiyatları, enerji, plastik və qablaşdırma tullantıları, qida israfı, davamlı turizm, yaşıl maliyyələşmə, iqlim dəyişikliyi, fəlakətlərin idarə olunması və digər prioritet istiqamətlər üzrə müzakirələr aparılıb.