Araşdırma: Tənhalıq diabet və ürək xəstəlikləri kimi sağlamlıq problemlərinə səbəb deyil
Bakı, 25 sentyabr, AZƏRTAC
Alimlər yalnızlığın diabet və ürək xəstəlikləri kimi sağlamlıq problemlərinə səbəb olmadığını bildiriblər.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, sosial əlaqələr psixi sağlamlıq və inkişaf üçün çox vacibdir. Çinli tədqiqatçılar sosial əlaqələrin kəsilməsi nəticəsində yaranan tənhalığın sağlamlığa necə təsir etdiyini araşdırıblar.
Jihui Zhang və Guangzhou Tibb Universitetindən olan komanda Böyük Britaniyadan 476 min 100, Çindən 16 min və ABŞ-dan 14 min nəfərin tibbi məlumatlarını təhlil edib. Özünü tənha hiss etdiyini bildirən insanların xərçəngdən həzm pozğunluğuna qədər 56 xəstəlikdən 30-u üçün daha yüksək risk altında olduğu aşkarlanıb. Sonra alimlər genetik məlumatların mövcud olduğu iştirakçıların alt qrupuna diqqət yetirərək bu 30 xəstəlikdən 26-sı üzrə ikinci statistik təhlil aparıblar. İcmal müəyyən edib ki, ürək-damar xəstəlikləri, piylənmə və 2-ci tip diabet də daxil olmaqla bu sağlamlıq problemlərinin çoxu əslində təklikdən qaynaqlanmır. Bildirilib ki, tənhalıq bu xəstəlikləri müşayiət edən bir hissdir. Digər tərəfdən depressiya, hipotiroidizm, astma, yuxusuzluq, dərman asılılığı və eşitmə itkisi kimi pozğunluqların ortaya çıxmasında tənhalığın rol oynaya biləcəyi qeyd edilib.
“Nature Human Behaviour” elmi jurnalında dərc olunan araşdırmaya rəhbərlik edən Jihui Zhang nəticələr haqqında fikirlərini bildirərək deyib: “Yalnızlıq birbaşa səbəb deyil, xəstəliyin göstəricisi kimi görünür. Bunun əvəzinə, sosial-iqtisadi amillər, həyat tərzi seçimləri və genetik meyil diabet və ürək xəstəliyi kimi şərtlər üçün əsas risk ola bilər”.
Tədqiqatda iştirak edən alimlərdən Yu He diqqətə çatdırıb ki, tənhalıqla bağlı problemlərin həlli vacibdir, lakin bu, xəstəliklərin qarşısının alınmasında yeganə amil deyil.