Araz Aslanlı: İtaliya Azərbaycanın Avropadakı ən sabit və strateji tərəfdaşlarından biridir
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan-İtaliya münasibətləri mühüm əhəmiyyətə malikdir. Gənc müstəqil dövlət kimi Azərbaycan üçün İtaliya önəmli tərəfdaşlardan biridir. İtaliyanın həm tarixi baxımdan dünya siyasətindəki rolu, həm XX əsrdə beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasındakı mövqeyi, həm də hazırda Avropanın və dünyanın əsas siyasi-iqtisadi güclərindən biri olması bu ölkəni Azərbaycan üçün strateji tərəfdaşa çevirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib.
Ekspert qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən, yeni regional təhlükəsizlik arxitekturasında və müəyyən mənada, qlobal təhlükəsizlik sistemində özünəməxsus mövqeyə malik Azərbaycan da İtaliya üçün vacib tərəfdaş hesab olunur.
“Adətən Azərbaycan–İtaliya münasibətlərində enerji tərəfdaşlığı ön plana çıxır və Azərbaycanın xarici ticarətində İtaliyanın əsas tərəfdaş olduğu vurğulanır. Bu, doğrudur. Avropanın enerji təhlükəsizliyinə İtaliya vasitəsilə Azərbaycanın verdiyi töhfə, xüsusilə TANAP və TAP layihələrindən sonra daha da güclənib. Lakin məsələyə daha geniş baxdıqda görürük ki, Azərbaycan–İtaliya münasibətləri ümumilikdə müsbət xətt və sabit dinamika ilə seçilir”, – deyə A.Aslanlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın digər dövlətlərlə enerji və ya təhlükəsizlik sahəsində müəyyən dövrlərdə əməkdaşlığının dərinləşməsi mümkündür, lakin İtaliya ilə münasibətlərin fərqli cəhəti onların uzunmüddətli və stabil xarakter daşımasıdır.
“Avropa İttifaqı ilə münasibətlərdə zaman-zaman müxtəlif problemlər yaranıb. Bəzən bu problemlər Aİ institutları, parlament strukturları və ya ayrı-ayrı üzv dövlətlər səviyyəsində müşahidə olunub. Amma Azərbaycan–İtaliya münasibətlərində biz əsasən müsbət münasibətlər görürük və bu da təbii nəticələr yaradır. Bu nəticələr iqtisadiyyat, təhlükəsizlik, təhsil və humanitar əməkdaşlıq sahələrində özünü göstərir. Azərbaycan–İtaliya Universitetinin yaradılması və sürətlə inkişaf etməsi bunun ən bariz nümunələrindən biridir”, – deyə ekspert vurğulayıb.
A.Aslanlının fikrincə, iki ölkə arasında münasibətlər bu günə qədər Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsinə, diplomatik əlaqələrinin genişlənməsinə necə töhfə veribsə, eyni zamanda, İtaliyanın və müəyyən mənada Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində də mühüm rol oynayıb. Mövcud strateji xəttin qorunması və daha da dərinləşdirilməsi gələcəkdə yeni imkanlar yaradacaq. Bu baxımdan, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri də xüsusi əhəmiyyət daşıyır.
QAFSAM sədri vurğulayıb ki, bu gün Azərbaycan–İtaliya münasibətlərinin mövcud dinamikası kifayət qədər müsbətdir və əsas məqsəd bu xətti qorumaqla yanaşı, daha da dərinləşdirmək olmalıdır.
Müxbir - Nailə Həsənova