ARDNŞ-in ətraf mühitə təsirlərin qiymətləndirilməsi sənədinin yekun variantı hazırlanacaq
Bakı, 13 yanvar, AZƏRTAC
“Abşeronneft” neft və qazçıxarma idarəsinin “Qərbi Abşeron” yatağında 20 nömrəli stasionar dəniz özülünün tikintisi və istismarı dövrü üçün ətraf mühitə potensial təsirlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyinin (İB) sifarişi əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsi tərəfindən hazırlanmış ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) sənədi üzrə ictimai rəyin öyrənilməsi və layihə ilə əlaqədar müzakirələrin aparılması məqsədilə ictimai dinləmə keçirilib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekologiya idarəsində və “Azneft” İB-də ƏMTQ sənədi ilə ictimaiyyətin sərbəst tanış olmasına şərait yaradılıb, o cümlədən ictimai dinləmə barədə yerli mətbuat orqanlarında əvvəlcədən elan verilib. İctimai dinləmədə ARDNŞ-in baş ofisinin, “Azneft” İB-nin, “Neftqazelmitədqiqatlayihə” institutunun, ekologiya idarəsinin, o cümlədən maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycanın neft-qaz sənayesinin tarixi, inkişaf mərhələləri və bu sahədə əldə edilmiş uğurlar, reallaşdırılan beynəlxalq layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ətraf mühitin mühafizəsi sahəsində qəbul olunmuş Dövlət Proqramları, qanunvericilik aktları, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar və sair həyata keçirilən neft-qaz layihələri üçün ƏMTQ sənədlərinin hazırlanmasını zəruri edir.
Ekologiya idarəsinin nümayəndələri təqdimatlarla çıxış edərək ƏMTQ sənədinin məqsədi, bu sahədə yerli və beynəlxalq qanunvericilik, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, dəniz ekosisteminin flora və faunası, su mühitinin fiziki və kimyəvi tərkibi, çirkləndiricilərin yayılma areallarının təyini, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə iştirakçılara ətraflı məlumat veriblər. Görüşdə ƏMTQ layihəsi ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
Keçirilən ictimai dinləmələrdə iştirakçılar tərəfindən verilən rəy və təkliflər nəzərə alınmaqla sənədin yekun variantının hazırlanması nəzərdə tutulur.