AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, bazar günü Diyeqo Maradonanın çoxsaylı azarkeşləri, nəhayət, öz arzularına çatacaqlar. Maradonanın bir çox illər ərzində şərəfini qoruduğu “Boka Xuniors” klubunun muzeyində əfsanəvi futbolçunun şərəfinə ucaldılmış heykəlin açılış mərasimi olacaqdır. Öz istəklilərini onun sağlığında əbədiləşdirmək fikri kurort şəhəri Mar-del-Platanın futbolçunun istedadına pərəstiş edən 4 sakininə məxsusdur. Heykələ vəsaitin toplanılmasına bir neçə ay bundan əvvəl başlanmışdır. Azarkeşlərin fikrincə, abidə yalnız əhalidən toplanmış vəsait hesabına ucaldılmalıdır. Heykəlin ucaldılması üçün dünyanın müxtəlif ölkələrindən - Meksika, Çili, ABŞ, İspaniya, İtaliyadan olan futbolsevərlər pul göndərmişlər. Abidənin hazırlanmasında köməyi dəyən hər bir şəxs xüsusi sertifikatla mükafatlandırılmaqla yanaşı, onun adı Argentina yığmasının sabiq kapitanının şərəfinə ucaldılacaq heykəlin postamentində həkk olunacaqdır.
Heykəlin müəllifi Elizabet Eyxrondur. O, Maradonanı 1986-cı ildə göründüyü kimi təsvir etmişdir. Xatırladaq ki, həmin il Argentina yığması dünya çempionatının qızıl medallarına layiq görülmüşdü. Heykəltəraşın əsas məqsədi yaratdığı sənət əsərini “orijinal”a daha çox oxşatmaq olmuşdur. Eyxron futbolçunun hərəkətlərini, kapitan sarğısını, saç düzümünü və hətta butslarındakı qaytanların formasını ustalıqla təcəssüm etdirmişdir. Heykəlin hündürlüyü 2,2 metrdir. Maradona abidənin “Boka Xuniors”un ənənəvi olaraq oyunlarını keçirdiyi “Bombonera” stadionunun ərazisində yerləşməsini istəmişdir.
Monumentin açılışı “Boka Xuniors”un doğma stadionda “Arxentinos” komandası ilə görüşündən əvvəl, futbol əfsanəsinin 46 yaşı ərəfəsində olacaqdır.