İDMAN
Arif Əsədov: Sumqayıt şəhər stadionunun yenidən qurulması şəhərdə futbola marağı daha da artıracaq
Bakı, 24 oktyabr, AZƏRTAC
“Çox xoş və sevindirici haldır ki, Sumqayıtdakı stadion bərpa olunub. Mehdi Hüseynzadə adına şəhər stadionunun vəziyyəti yaxşı deyildi. Orada köklü dəyişikliklər edildi, yenidənqurma işləri aparıldı və nəhayət, beynəlxalq standartlara cavab verən arena istifadəyə verildi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin məşqçisi, Sumqayıt futbolunun yetirməsi Arif Əsədov yenidənqurmadan sonra istifadəyə verilən Mehdi Hüseynzadə adına şəhər stadionu barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis arenada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin idmanı çox sevdiyini və daim belə hadisələri nəzərində saxladığını bildirib: “Dövlətimizin başçısı təkcə stadionların deyil, Olimpiya Komplekslərinin açılış mərasimlərində də yaxından iştirak edib mövcud vəziyyətlə tanış olur. Bu da onun idmana olan marağı ilə əlaqəlidir”.
Əsədovun sözlərinə görə, stadionunun azarkeş tutumunun çox olması şəhərdə futbola marağı daha da artıracaq: “İndiyədək “Sumqayıt”ın oyunlarını “Kapital Bank Arena”dan izləyirdik. Orada tamaşaçı tutumu az idi. Artıq şəhərimizdə təqribən 10 min azarkeş tutumuna malik stadion var. Ümumiyyətlə Sumqayıtda futbolu çox sevirlər. Azarkeşlər yer sayının az olması səbəbindən “Sumqayıt”ın ev oyunlarını tribunadan izləyə bilmirdilər. Amma indiki vəziyyətdə arenanın geniş olması azarkeş axınının sürətlənməsinə səbəb olacaq”.
Təcrübəli mütəxəssisin fikrincə, bu stadionda beynəlxalq oyunlar keçirmək də mümkün olacaq: “Sumqayıt və Bakı arasında məsafənin az olduğunu nəzərə alsaq, hər hansı əcnəbi komandanı burada qəbul etmək mümkündür. Ümid edirəm ki, bu stadion futbolumuza yeni qələbələr gətirəcək”.