“Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində növbəti videokonfrans
Bakı, 30 aprel, AZƏRTAC
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının “Facebook” sosial şəbəkəsində yaratdıqları “Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində videokonfranslar davam edir.
Növbəti videokonfransın qonağı AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, professor Vəli Baxşəliyev olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, videokonfrans “Naxçıvanın Neolit və Eneolit abidələri” mövzusuna həsr olunub.
Videokonfransda professor Vəli Baxşəliyev tədqiqatlar nəticəsində əldə edilmiş materialların analitik təhlilinə əsaslanaraq Naxçıvanın Neolit və Eneolit dövrü abidələrinin, həmçinin Azərbaycan Respublikasının cənub bölgələri və İran Azərbaycanında müvafiq dövrlərdə formalaşan mədəniyyətlərin ümumi və xarakterik xüsusiyyətlərindən söz açıb. Məruzəçi qeyd edib ki, Azərbaycanda keramikasız Neolit dövrünün aşkar olunmaması ehtimal ki, geniş arxeoloji tədqiqat işlərinin aparılmaması ilə bağlıdır. Lakin keramikalı Neolit dövrünün ən qədim olan Kültəpə və Şomutəpə mədəniyyətləri, dövrün sonrakı inkişaf mərhələsinə müəyyən təsir edən, Qarabağda özünəməxsus xüsusiyyətləri ilə fərqlənən bir mədəniyyət formalaşıb, bu isə Azərbaycanda sonrakı Eneolit mədəniyyətinin təkamülündə müəyyən rol oynayıb. Eyni zamanda, Azərbaycanın Neolit və Eneolit dövrləri mədəniyyətinin formalaşmasında Şərqi Anadolu və Şimal-Qərbi İran (İran Azərbaycanı) ilə qarşılıqlı əlaqələrin müəyyən rolu olub.
Həmçinin alim bildirib ki, sön dövrdə Naxçıvantəpə və Xələc abidələrində aşkar edilmiş Neolit təbəqəsi bölgənin həmin dövr mədəniyyəti barədə yeni səhifə açır.
Videokonfransda Arxeologiya və Etnoqrafiya İnstitutunun gənc arxeoloqları çıxış ediblər. Vəli Baxşəliyev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı videokonfransda iştirak edib.