ELM VƏ TƏHSİL
Arxeoloqlarımız İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndələri ilə görüşüblər
Bakı, 9 iyun, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndələri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktor vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev işğal dövründə Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin izlərinin, qətlə yetirilmiş Azərbaycan vətəndaşı olan hərbi və mülki əsirlərin kütləvi dəfnlərinin tədqiqində rəhbərlik etdiyi elmi müəssisənin arxeoloqları və antropoloqlarının iştirakı barədə qonaqlara məlumat verib. Bu mövzu üzrə institutda ilk dəfə olaraq məhkəmə arxeologiyası və antropologiyası üzrə təcrübənin toplanması və mütəxəssislərin hazırlanması istiqamətində aparılan işlər barədə söz açan Fərhad Quliyev qeyd edilən sahələr üzrə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Məhkəmə Arxeologiyası və Antropologiyası üzrə Qarabağ arxeoloji ekspedisiyasının rəisi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru Akif Quliyev Edilli (Xocavənd rayonu), Yuxarı Seyidəhmədli (Füzuli rayonu) kəndləri və Şuşa şəhəri ərazilərində aşkar edilən kütləvi məzarlıq və dəfnlərdə aparılan tədqiqatlarda rəhbərlik etdiyi ekspedisiyanın vəzifələri və görülmüş işlər barədə qonaqları məlumatlandırıb.
ICMP-ni təmsil edən məhkəmə antropoloqu xanım Nikol Lambaher və ICMP-nin Cənubi Qafqaz proqramının rəhbəri xanım Karmen Osorno Solis bildiriblər ki, onların əsas vəzifəsi itkin düşmüş şəxslər üzrə aparılan təhqiqatlara cəlb edilmiş Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları və elmi müəssisələrinin statusunun, təcrübə səviyyəsinin qiymətləndirilməsini ehtiva edir. Aparılan qiymətləndirilmə əsasında qarşılıqlı razılaşma prinsipi üzrə hazırlanacaq rəylər gələcəkdə təmsil etdikləri beynəlxalq təşkilatın tövsiyələrinin hazırlanması və daha sıx əməkdaşlıq üçün zəmin yaradacaq.
Daha sonra institutu təmsil edən mütəxəssislər qonaqların suallarını cavablandırıb, toxunulan problemlərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüşdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Əli Məhərrəmov, habelə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov, böyük elmi işçi Pərviz Qasımov, Məhkəmə Arxeologiyası və Antropologiyası üzrə Qarabağ arxeoloji ekspedisiyasının elmi heyətinin üzvü, Eksperimental arxeoloji laboratoriyasının müdiri Əjdər Babazadə iştirak ediblər.