ASAN könüllüləri “Topal Teymur” tamaşasını səhnələşdiriblər
Bakı, 20 may, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tamaşa nümayiş olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Hüseyn Cavidin eyniadlı pyesi əsasında “Topal Teymur” tamaşası Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında səhnəsində nümayiş etdirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tamaşaya baxıb.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin siyasətini, mədəniyyət və incəsənət sevgisini əks etdirən videoçarx izlənilib.
Tamaşanın nümayişindən sonra könüllülər təltif ediliblər və xatirə şəkli çəkdirilib.