Aşıq Cəlilin anadan olmasının 150 illiyi qeyd edilib
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Aşıqlar Birliyi və “Dərələyəz” vətənpərvərliyin təbliği ictimai birliyinin təşkilatçılığı ilə Aşıq Cəlilin anadan olmasının 150 illiyinə həsr edilmiş “Dərələyəzli ustad Aşıq Cəlil” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq “Cəlili” aşıq havası ilə öz adını Azərbaycan aşıq sənətinin tarixinə əbədi yazmış Aşıq Cəlilin həyat və yaradıcılığından danışıb. Bildirib ki, XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış aşığın yaradıcılığı uzun müddət tədqiqatlardan kənarda qalıb və yalnız son 30 ildə onun barəsində müəyyən araşdırmalar aparılıb. Akademik Qərbi Azərbaycanın Dərələyəz mahalında doğulmuş Aşıq Cəlilin ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları nəticəsində 1918-ci ildə Naxçıvana köçdüyünü və burada aşıq yaradıcılığının inkişafında mühüm xidmətləri olduğunu deyib.
M.İmanov Aşıq Cəlil haqqında məlumatların əsasən xatirələr, rəvayətlər, şeirlər və aşıq havalarından öyrənildiyini, onun şeir yaradıcılığının az bir hissəsinin yaşadığımız dövrə gəlib çatdığını söyləyib. Qeyd edib ki, özünəməxsus musiqi yaradıcılığı ilə seçilən aşığın yalnız 12 saz havası tədqiqatçılar tərəfindən müəyyənləşdirilib.
Folklor İnstitutunun direktoru M.İmanov Azərbaycanın tarixi torpaqları olan İrəvan, Zəngəzur və Göyçə mahalında mövcud olmuş maddi-mədəniyyət nümunələrinin toplanaraq yaşadılması və gələcək nəsillərə ötürülməsinin zəruriliyini də diqqətə çatdırıb.
Sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və “Dərələyəz” vətənpərvərliyin təbliği ictimai birliyinin sədr müavini Sevindik Hüseynov Aşıq Cəlilin yaradıcılığının xarakterik xüsusiyyətlərindən danışıblar.
Tədbirdə “Cəlili” aşıq havaları haqqında”, “Şahablı Aşıq Cəlil və Sallılı Aşıq Cəlil: oxşar adlar, oxşar talelər”, “Dərələyəz aşıq mühiti və Aşıq Cəlil”, “Dərələyəzli Aşıq Cəlilin soykökü”, “Aşıq Cəlil yaradıcılığı” və “Dərələyəzli Aşıq Cəlil: bildiyimiz və bilmədiyimiz həqiqətlər” mövzularında məruzələr dinlənilib.
Konfrans çərçivəsində Azərbaycan Aşıqlar Birliyi sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Aşıq Altay "Cəlili" havalarını ifa edib.