Aslan Kərimov: Albaniya ilə oyunda hücumameyilli futbolçularımızda aqressivlik görmədim

Bakı, 8 iyun, AZƏRTAC
“Avropa çempionatında çıxış edəcək komandanın qapısı qarşısında daha çox qol imkanı yaratmaq sevindirici haldır. Lakin çatışmayan cəhətlər də var idi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Aslan Kərimov Azərbaycan millisinin Macarıstanın Sombatxey şəhərində Albaniya yığmasına 1:3 hesabı ilə uduzduğu beynəlxalq yoldaşlıq oyunu barədə danışarkən deyib.
O, rəqib futbolçuların fərdi baxımdan daha üstün olduqlarını bildirib: “Bu da normaldır. Çünki Albaniyanın heyətindəki futbolçular güclü liqalarda çıxış edirlər. Oyuna yaxşı başlamadıq. Top itkisindən sonra qapımızda qol gördük. Həmin epizodda həm topu itirəni, həm də qapıçını günahlandırmaq olar. Çünki bu cür qolları buraxmamalıyıq”.
Mütəxəssisin sözlərinə görə, bəzi futbolçularımızın oyun praktikasının az olması meydanda hiss olunurdu: “İkili mübarizələrdə, eləcə də cinahlarda rəqib bizdən üstün oynayırdı. Çox rahat şəkildə oyunçularımızı keçə bilirdilər. Albaniya millisi ilk hissədə açıq futbol oynamağa çalışdı. Lakin ilk yarının ortalarında rəqibi sıxmağa başladıq. Düşünürəm ki, albanlar Avropa çempionatında əks-hücumlara önəm verəcəklər. Çünki turnirdə çox çətin qrupa düşüblər və şansları azdır”.
A.Kərimov hücumameyilli futbolçularımızın meydanda aqressiv mübarizə aparmadıqlarını söyləyib: “Pressinq etməyə can atmırdıq. Ramil Şeydayev və Mahir Emreli əzmkarlıq göstərirdilər. Lakin Şeydayevin oynadığı liqanın səviyyəsinin yüksək olmaması, Emrelinin isə zədədən yeni qayıtması onların çıxışına təsir edir. Mahir əvvəlki formasında olsaydı, düşünürəm ki, əlinə düşən fürsətləri qola çevirə bilərdi. Rahil Məmmədov isə zəif mübarizə apardı. Məncə, onun yeri cinah deyil. “Qarabağ”ın futbolçularında yorğunluq hiss edilirdi. Bu da mövsüm ərzində ağır görüşlər keçirmələri ilə bağlıdır. Bu nüanslar matçda təsir göstərdi. Lakin ümumi götürsək, Albaniya seçməsinə qarşı yaxşı oynadıq”.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də Qazaxıstan yığması ilə eyni məkanda üz-üz gələcək.