AŞPA-NIN RƏHBƏRLİYİ AZƏRBAYCANIN TƏŞKİLATDAKI FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puç iyulun 1-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Milli Məclisin sədri demişdir ki, Azərbaycan beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası ilə əməkdaşlığı uğurla inkişaf etdirir. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri də uğurla yerinə yetirir. Çünki ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri Avropaya inteqrasiyadır.
Sonra Milli Məclisin sədri həyata keçirilən demokratik, hüquqi islahatlar, əldə olunan nailiyyətlər, eləcə də Azərbaycanın inkişafına ciddi əngəl yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, AŞPA-nın son sessiyasında problemin həlli ilə əlaqədar Azərbaycana göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir.
Azərbaycana səfərindən məmnun qaldığını vurğulayan və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən AŞPA sədri Luis Maria de Puç ölkəmizin qurumla əməkdaşlığının genişləndirilməsi işinə hər cür dəstək göstərəcəyini bildirmişdir. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin fəaliyyətindən danışan qonaq, Prezident İlham Əliyevin nümayəndə heyətinin rəhbəri olduğu illəri xatırlamışdır. O demişdir ki, həmin dövrdə İlham Əliyev nümayəndə heyətinə layiqincə rəhbərlik etməklə yanaşı, keçirilən müzakirələr, aparılan debatlarda peşəkar diplomat kimi çıxış etmişdir.
Luis Maria de Puç Azərbaycana səfərinin, aparılan danışıqların əməkdaşlığın inkişafına layiqli töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
######
