ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda sintez edilən birləşmələrin heyvanlar üzərində qiymətləndirilməsi aparılır
Bakı, 24 iyul, AZƏRTAC
AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sintez edilən yeni fizioloji fəal birləşmələrin yaxın gələcəkdə dərman maddələri kimi istifadə olunması perspektivləri çox böyükdür.
Bu haqda AZƏRTAC-a Belarus Milli Elmlər Akademiyasının Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutunun Molekulyar genetika şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Aleksey Şuriberko məlumat verib.
O bildirib ki, həmin maddələrin heyvanlar üzərində qiymətləndirilməsi istiqamətində elmi araşdırmalar davam etdirilir: “Aşqarlar Kimyası və Belarus Milli Elmlər Akademiyasının Bioaktiv Maddələrin Biokimyası institutlarının müştərək icra etdiyi “Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması” layihəsinə rəhbərlik edirəm. Layihə çərçivəsində yeni sintez olunan fizioloji aktiv maddələrin alınması metodları araşdırılıb, onların kristal quruluşu müfəssəl öyrənilib, bioloji fəallıq spektrinin kompüter tədqiqi yerinə yetirilib və mühüm nəticələr əldə edilib”.
“Son 6 ay müddətində dünyada yayılan koronavirus pandemiyası ilə əlaqədar Belarusda Gigiyena və epidemiologiya mərkəzində COVID-19-un PCR diaqnostikası mütəxəssisi kimi cəlb olunmağım Aşqarlar Kimyası İnstitutu ilə ortaq aparılan beynəlxalq elmi araşdırmalara da təsir edib. Ümidvaram ki, tezliklə hər şey normal vəziyyətə qayıdacaq. Aşqarlar Kimyası İnstitutundan olan həmkarlarımızla əməkdaşlığımız uğurla davam edəcək. Birgə yeni layihələrimiz olacaq”, - deyə Aleksey Şuriberko qeyd edib.