ASSOSİASİYA BAKIYA “QƏHRƏMAN ŞƏHƏR” ADI VERİLMƏSİ TƏŞƏBBÜSÜ İLƏ KAMPANİYAYA BAŞLAYIR
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası respublika ictimaiyyətinə müraciət etmişdir.
Müraciətin AZƏRTAC-a daxil olmuş mətnində bu il faşist Almaniyası üzərində qələbənin 60 illiyinin qeyd ediləcəyi xatırladılır və qələbənin qazanılmasında Azərbaycan xalqının, Bakının rolu xüsusi vurğulanır, Assosiasiyanın “Bakı Qəhrəman şəhərdir” devizi ilə genişmiqyaslı beynəlxalq kampaniyaya başladığı bildirilir. Məqsəd Bakıya “Qəhrəman şəhər” adı verilməsinə nail olmaqdır.
Müraciətdə İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının ön və arxa cəbhədə fədakarlığı göstərilərək deyilir: “Qısa bir müddət ərzində respublikamızda 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olundu. 700 min nəfərdən çox azərbaycanlı cəbhəyə yollandı, onlardan 300 mini həlak oldu. 170 min azərbaycanlı əsgər və zabit keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edildilər. Onlardan 145 nəfəri Sovet İttifaqı Qəhrəmanı adı aldı. Həzi Aslanov bu ada iki dəfə layiq görülüb...”. Sonra qələbə üçün SSRİ-yə lazım olan yanacağın əsas hissəsini məhz Bakının qəhrəman neftçilərinin verdiyi xatırlanır: “Vaxtilə neft sənayesi naziri olmuş N.Baybakovun sözlərinə görə, təkcə müharibənin birinci ilində Bakı ölkəyə 24 milyon ton neft vermişdi. Müharibənin 4 ili ərzində bu rəqəm 74 milyon ton təşkil etmişdir. Bu, bütün ittifaqda hasil olunan neftin 80 faizidir...”.
Müraciətdə daha sonra deyilir: “SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1942-ci ilin yazında Bakıda “ЯK-3” markalı qırıcı təyyarələrin istehsalına başlandı. Azərbaycan paytaxtında qvardiya minaatanlarının istehsalı üzrə müəssisə də yaradılmışdı. Burada məşhur “katyuşa” buraxılırdı”.
Sənəddə təəssüflə qeyd edilir ki, paytaxtımızın qələbəyə misilsiz töhfəsinə baxmayaraq, keçmiş SSRİ rəhbərliyi cəbhə şəhəri olmadığını bəhanə gətirərək, onu “Qəhrəman şəhər” adına layiq bilməmişdir.
Sonda tarixi ədalətin bərpası naminə hər bir Azərbaycan vətəndaşının kampaniyaya qoşulması xahiş edilir. Təklifləri bu ünvana göndərmək olar: M.Mirqasımov küçəsi 4, mənzil 44. Tel/faks: 449-81-20.